Ərdoğanın Əliyevə zənginin sirri – Onları necə susdurdu?
BMT Baş Assambleyasında İsrail nümayəndə heyətinin çıxışı zamanı baş verən diplomatik mənzərə və ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi beynəlxalq müstəvidə geniş müzakirələrə səbəb olub. Belə ki, sentyabrın 24-də İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı Türkiyə də daxil olmaqla 70-ə yaxın ölkənin nümayəndə heyəti zalı tərk etsə də, Azərbaycan təmsilçisi zalda qalan diplomatlar arasında yer alıb. Bu addım xüsusilə Türkiyə mediasında və sosial şəbəkələrin türk seqmentində müəyyən tənqidlərə yol açıb.
Məsələyə münasibət bildirən politoloq Çingiz Şahbazi TodayPress TV-yə danışarkən vurğulayıb ki, zaldan çıxmamaq avtomatik olaraq qarşı tərəfin siyasətini dəstəkləmək mənasına gəlmir:

"24 sentyabr 2026-cı ildə İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışa başlaması ərəfəsində Türkiyə nümayəndə heyəti də daxil, təxminən 70 ölkənin nümayəndə heyəti zalı tərk etdi. Azərbaycan isə zalda qalan ölkələr arasında olub. Yəni Azərbaycan nümayəndəsi Netanyahunun çıxışını sonuna qədər dinləyib. Əlbəttə ki, bu, müsəlman ölkələrində, xüsusilə də qardaş Türkiyədə narazılıqlara səbəb olub və bununla bağlı sosial şəbəkələrdə, xüsusilə Türkiyə seqmenti üzrə və bir sıra mətbuat orqanlarında Azərbaycana qarşı tənqidi fikirlər səsləndirilir. Əslində zaldan çıxmamaq avtomatik olaraq İsrail nümayəndəsinin siyasətini dəstəkləmək anlamı daşımır. Diplomatik nümayəndənin zalda qalmasının müxtəlif səbəbləri ola bilər: mövqeyi dinləmək, diplomatik protokol, ölkənin fərqli taktiki mövqeyi və sairə".
Ekspert diqqətə çatdırıb ki, bu addım Azərbaycanın müstəqil xarici siyasət kursu çərçivəsində atılıb və rəsmi Ankara tərəfindən hər hansı narazılıqla qarşılanmayıb. Türkiyə cəmiyyətindəki reaksiyalar isə sadəcə iki qardaş xalq arasındakı doğmalıq hissindən qaynaqlanır:
"Bu, Azərbaycanın ayrıca öz siyasəti çərçivəsində həyata keçirilir və Türkiyə hökumətinin bununla bağlı Azərbaycana qarşı heç bir iradı da yoxdur. Sadəcə, Türkiyə kifayət qədər demokratik ölkə olduğu üçün və burada insanların fikir və düşüncələrini ifadə etmək azadlıqlarının təmin olunmasından dolayı, hesab etmək olar ki, türk insanı Azərbaycanı özünə çox yaxın bildiyi üçün, "uman yerdən küsərlər" məsəlində olduğu kimi, Azərbaycanı bu məsələdə tənqid etmək haqqını özləri üçün məqbul hesab edirlər. Yəni "Azərbaycan BMT-də Türkiyə ilə həmrəy olmadı" kimi cümlələr qurmaqla iki qardaş ölkə arasında məyusluq kontekstində məsələni təqdim etməyə çalışılır. Bu, yenə də qeyd etmək istəyirəm ki, Türkiyənin rəsmi mövqeyi deyil və Türkiyə hökuməti bundan dolayı Azərbaycanın əleyhinə bir cümlə belə ifadə etməyib".
BMT-dəki hadisələrin ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 27 Sentyabr Anım Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi etməsinə də toxunan politoloq, bu addımın strateji müttəfiqlik baxımından mühüm jest olduğunu qeyd edib:
"Bunun ardınca Ərdoğanın 27 Sentyabr Anım Günündə İlham Əliyevə zəng edərək şəhidlərin xatirəsini yad etməsi Türkiyə Prezidentinin baş verən hadisəni məhz Azərbaycanın regional siyasətinin bir hissəsi kimi dəyərləndirməsini göstərir. Əlbəttə ki, Ərdoğanın bu kimi həssas bir vaxtda İlham Əliyevə zəng etməsini siyasi jest kimi də qiymətləndirmək olar. Ankara-Bakı münasibətlərinin strateji xarakterinin dəyişmədiyini göstərən simvolik mesaj olaraq da dəyərləndirilməsi lazımdır".
Siyasi şərhçi sonda bildirib ki, zaman-zaman iki ölkə arasında nifaq salmağa çalışan kənar dairələr bu tür situasiyalardan istifadə etməyə cəhd göstərsələr də, sarsılmaz qardaşlıq bağları buna imkan verməyəcək:
"Hesab edirəm ki, baş verənlər sırf siyasi mesajlar və məqsəd əsasında həyata keçirilir və Azərbaycan-Türkiyə münasibətlərində belə hallar bundan öncəki illərdə də olub, bundan sonra da olmaması üçün heç bir zəmanət yoxdur. Türkiyə və Azərbaycan arasında münasibətlərin korlanmasına cəhd edən qüvvələr də bu kimi situasiyalardan istifadə etməyə cəhd edirlər. Amma Türkiyə və Azərbaycan dostluğu və qardaşlığı bu kimi mənasız xırda səbəblərdən dolayı heç vaxt sarsıla bilməz. Bu münasibətlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində kifayət qədər əmək sərf edilib və bundan sonra da ediləcək", - deyə Ç.Şahbazi qeyd edib.
Türkan İsgəndərli