Netanyahu Ərdoğana qarşı yeni "cəbhə" açdı
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı Beynəlxalq Cinayət Məhkəməsində (ICC) iş hazırlanması üçün nazirliklərarası qrup və hüquq rəsmilərinə göstəriş verib. Məlumata görə, hazırlanması nəzərdə tutulan iş Türkiyənin “kürd əhalisinə münasibəti” və Ərdoğan hökumətinin HƏMAS-ı maliyyələşdirdiyi barədə iddialara əsaslanacaq.
Bildirilir ki, İsrail tərəfi bu iddiaları Ərdoğana qarşı mümkün hüquqi prosesdə əsas arqumentlər kimi təqdim etməyi nəzərdən keçirir.
Maraqlıdı bu addımı atmaqda İsrail hökümətinin əsl məqsədi nədir?
Sözügedən məsələ ilə bağlı siyasi analitik Şakir Ağayev TodayPress TV-yə danışıb.

O qeyd edib ki, Türkiyə prokurorluğu və hüquq-mühafizə orqanları tərəfindən Netanyahu ilə bağlı beynəlxalq hüquqi prosedurların gündəmə gətirilməsinə cavab olaraq İsrail tərəfinin Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı bu addımı atdığı görünür. Lakin Netanyahunun irəli sürdüyü arqumentlərin hüquqi əsasları ciddi suallar doğurur:
"İlk növbədə, Türkiyənin kürd əhalisinə qarşı soyqırımı həyata keçirməsi ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş hər hansı hüquqi fakt yoxdur. İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlarla bağlı isə əksinə, müxtəlif beynəlxalq qurumlar və dövlətlər tərəfindən ciddi ittihamlar səsləndirilib. Buna görə də Türkiyənin kürd əhalisinə qarşı soyqırımı həyata keçirməsi barədə iddianı təsdiqləyən beynəlxalq hüquqi qərar mövcud deyil.
Türkiyə isə kürd silahlı qruplarına və terror təşkilatlarına qarşı mübarizə apardığını bildirir. PKK və digər silahlı qruplar bir sıra ölkələr və beynəlxalq qurumlar tərəfindən terror təşkilatı kimi tanınır. Türkiyə bu mübarizəni öz təhlükəsizliyi və müdafiə hüququ çərçivəsində əsaslandırır. Bu baxımdan, terrorla mübarizə ilə soyqırımı kimi beynəlxalq cinayətlərin eyniləşdirilməsi hüquqi baxımdan ayrıca əsaslandırılmalıdır".
Ekspert vurğulayıb ki, Türkiyə ilə HƏMAS arasında siyasi əlaqələr açıqdır və Ankara bunu gizlətmir:
"HƏMAS rəhbərlərinin Türkiyə rəsmiləri ilə görüşləri dəfələrlə baş tutub. Lakin bir təşkilatla siyasi və diplomatik təmasların mövcudluğu avtomatik olaraq həmin təşkilatın maliyyələşdirilməsi anlamına gəlmir. ABŞ da müxtəlif dövrlərdə HƏMAS və Hizbullah kimi təşkilatlarla bağlı dolayı və birbaşa danışıqlar aparıb. Bu baxımdan, danışıqların özünü maliyyələşdirmə faktı kimi təqdim etmək üçün əlavə hüquqi və faktiki sübutlar tələb olunur".
O hesab edir ki, bu addımın Türkiyənin və Prezident Ərdoğanın İsrailin Qəzzadakı siyasətinə dair beynəlxalq platformalarda səsləndirdiyi sərt mövqelərlə əlaqəsi var: "Ərdoğan BMT Baş Assambleyasında İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatları kəskin tənqid edib və beynəlxalq ictimaiyyətin diqqətini bölgədəki humanitar vəziyyətə yönəldib.
Netanyahunun BMT-dəki çıxışı zamanı bir sıra dövlət nümayəndələrinin zalı tərk etməsi də İsrail hökumətinə qarşı beynəlxalq səviyyədə mövcud narazılığın göstəricisi kimi qiymətləndirilə bilər. Bu kontekstdə İsrail rəhbərliyinin Türkiyə və Ərdoğana qarşı sərt ritorikası siyasi qarşıdurmanın bir hissəsi kimi də nəzərdən keçirilir".
Politoloq, həmçinin əlavə edib ki, bununla yanaşı, İsrail daxilində Netanyahunun siyasətinə münasibətin birmənalı olmadığı və onun daxili siyasi mövqeyinin müxtəlif sorğularda müzakirə edildiyi də nəzərə alınmalıdır:
"Bu baxımdan, Türkiyə və Ərdoğana qarşı atılan addımların həm xarici siyasət, həm də İsrailin daxili siyasi gündəmi kontekstində qiymətləndirilməsi mümkündür".
Jalə Rövşən