Çempionlar Liqası mükafatçısı Azərbaycan millisinin sükanı arxasında!
Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarının baş məşqçisi vəzifəsinə türkiyəli mütəxəssis Gökhan Edman təyin olunub.
TodayPress TV xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında Türkiyənin gənc qızlardan ibarət milli komandası 2011–2012-ci illər mövsümündə Avropa çempionu olub, 2012–2013-cü illərdə isə Dünya çempionatında 5-ci yeri tutub. O, həmçinin Türkiyənin A milli, A2, gənc və yeniyetmə komandalarında çalışaraq Balkan çempionluğu və “Spring Cup” titulları qazanıb.
G.Edman klub karyerasında “Eczacıbaşı”, “Galatasaray”, “Vakıfbank Güneş Sigorta” və “Sarıyer Belediyespor” kimi komandaları çalışdırıb. O, 1998–1999-cu illər mövsümündə “Eczacıbaşı” ilə CEV Kubokunun çempionu, 1999–2000-ci illərdə Çempionlar Liqasının bürünc mükafatçısı və iki dəfə Türkiyə çempionu olub. Mütəxəssis “Galatasaray”la da CEV Kubokunda 3-cü yeri tutub.
Marmara Universitetinin məzunu olan Edman Türkiyə Voleybol Federasiyasının məşqçilik kurslarında təlimçi və Qadın Milli Komandaları Texniki Qurumunun üzvü kimi fəaliyyət göstərib.
Namiq HUN