Həzrəti Mahirin qolu
Litva səfərindən 1:1-lə qayıdırıq. Pis nəticə deyil. Səfərdə xal almaq hər zaman yaxşı nailiyyətdir. Oyun ideal deyildi, amma mübarizə var idi, ən əsası istək də var idi. Bir az daha cəhd etsək, daha yaxşısını da edə bilərik. Bu da ki ayrı söhbətdir.
Amma dünənki oyunda hesabdan daha vacib bir detal var idi. Hamımızın ürəyinə toxunan detal – qoldan sonra futbolçularımız əsgər salamı verdilər.
Mahir Əmrəli başda olmaqla hamı əlini gicgahına qoydu.
Bu salam deyir ki, mən futbolçu olsam da, bu Vətənin əsgəriyəm. Mən Vilnüsdə qol vursam da, ürəyim Şuşadadır, Kəlbəcərdədir, Laçındadır.
Azərbaycanlı hansı sahədə olur-olsun, o, bu Vətənin əsgəridir. Qarabağ şəhidlərimizi, qazilərimizi hər yerdə yad etmək hər birimizin borcudur. Futbolçu bunu meydanda edir. Sağ olsunlar, bəlkə də onun elə orda edilməsinə daha çox ehtiyac vardı.
Və ən sevindirici hal nə idi bilirsinizmi?
Diqqət edin, o əsgər salamını verənlərin arasında Xaybullayev və İsayev də var idi!
Bəli, Xaybullayev və İsayev!
Bu nə deməkdir? Bu o deməkdir ki, milli ruha qayıdış başlayıb. Dünənə qədər başqa dairələrin təsiri altında olan, başqa paytaxtlara göz tikən adamlar belə artıq anlayırlar ki, bu bayraqdan başqa bayraq yoxdur, bu ordudan başqa ordu yoxdur! Ayxan Abbasovun gəlişi ilə milli düşüncə soyunub-geyinmə otağına da sirayət edib. Qələbə elə belə şeylərdədir da, hətta çoxunun qələbə hesab etdiyi heç-heçədən də böyük qələbədir, hesabdan da böyük!
Əgər Xaybullayev və İsayev belə əsgər salamı verirsə, deməli doğru yoldayıq. Deməli milli forma hamını düzəldir.
Amma hələ də düzəlməyənlər var.
Elə futbolçular var ki, qol vuranda əsgər salamı yox, İran mollalarının salamını verir. Əlini sinəsinə qoyub, göyə baxıb, Qasım Süleymaniyə rəhmət oxuyur. Azərbaycan forması geyinib, Tehran rejiminə mesaj ötürür.
Açığı deyək, hamı bilir kimdən söhbət gedir.
Bəs sual edirəm: Azərbaycan Milli Komandasında oynayıb, İran Futbol Federasiyasının ideologiyasını daşımaq olarmı? Olarsa, onda geyin o formanı yox, get İran yığmasında oyna!
Milli komanda dini sektanın təbliğat meydanı deyil! Milli komanda Azərbaycan əsgərinin salamlandığı yerdir!
AFFA artıq qayda qoymalıdır. Çox sadə qayda:
1. Əsgər salamı verən futbolçu alqışlanmalıdır.
2. Dini-siyasi jest edən, yad dövlətin liderinə salam göndərən futbolçu cərimələnməlidir. Birinci dəfə 10 min, ikinci dəfə 20 min, üçüncü dəfə qapı oradadır, rədd olub getsin İran çempionatında oynasın!
Litva ilə 1:1 yaxşıdır. Amma Litvada verilən əsgər salamı 1 xaldan da qiymətlidir.
Eşq olsun Mahirə! Eşq olsun əsgər salamı verən hər kəsə - Xaybullayevə də, İsayevə də!
Qalanları isə ya bu salamı öyrənəcək, ya da milli formanı əbədi çıxaracaq!
Əlavə yerinə: Düzdür, Azərbaycanda heç vaxt olmayacaq şeylərin siyahısının əvvəlində məhz futbol gəlir və gələcəkdə də bunun dəyişəcəyini gözləmək, buna inanmaq düzgün deyil.
Lakin bir şey doğrudur ki və inanca aiddir ki, edilən dualar da, tutulan oruclardakı niyyətlər də əynində daşıdığın formanın haqqına görə olmalıdır. Bu xalqın düşüncəsi, inancı, savaşları və o savaşlar uğruna niyə şəhadətə yürüyübsə, bax həmin nəsnələr üçün sağ əllər gicgaha, əbədiyyətdəki müqəddəs ruhlara salam yollamaqdan keçir.
Futbolçu olmasanız da, barı əsgər olun!
Əziz Əlibəyli