Yəməndə üç cəbhə eyni anda qaynayır - Husilər hərəkətə keçdi

Yəməndə üç cəbhə eyni anda qaynayır - Husilər hərəkətə keçdi
28.09.2026 22:04 Dünya

Yəməndə İranın dəstəklədiyi husilər ilə hökumət qüvvələri arasında Taiz, Lahic və Babül-Məndəb boğazı ətrafındakı cəbhələrdə döyüşlər şiddətlənib.

TodayPress TV xəbər verir ki, Taizin əl-Vəziyyə rayonunda, Lahicin Sabihə cəbhəsində və Babül-Məndəb yaxınlığındakı Kahbub bölgəsində toqquşmalar baş verib.

Husilərin bəzi ərazilərə əlavə qüvvələr göndərdiyi bildirilir.

Taizdəki hərbi mənbələr şəhərin şərqində husilərə məxsus olduğu iddia edilən düşərgə və istehkam bölməsinin yerləşdiyi əraziyə 5 hava zərbəsi endirildiyini açıqlayıb. Həmçinin əl-Kədhə cəbhəsində husilərə məxsus silahlı pilotsuz uçuş aparatı vurulub.

Kahbub cəbhəsində isə Əmalikə qüvvələrinin husilərə məxsus 2 avtomobili və sursat daşıyan yük maşınını məhv etdiyi qeyd olunub.

Lahicin Sabihə bölgəsində husilərin bəzi mövqelərə hücum etdiyi, hökumət qüvvələrinin hücumları dəf etdiyi və toqquşmaların davam etdiyi bildirilib.

Bundan başqa, Taizin qərbindəki Vəziyyə bölgəsində məcburi köçkünlərin məskunlaşdığı çadıra husilər tərəfindən minaatanla zərbə endirilib. Hücum nəticəsində bir qadın ölüb, oğlu yaralanıb.

Paytaxt Sənada da səhər saatlarında müxtəlif ərazilərdə güclü partlayış səslərinin eşidildiyi və pilotsuz uçuş aparatlarının intensiv hərəkət etdiyi bildirilib. Partlayışların səbəbi hələ müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, Yəməndə son dövrlərdə cəbhə xəttində artan toqquşmalar Taiz və Lahiclə yanaşı, Qırmızı dəniz sahilləri və Babül-Məndəb ətrafına da yayılıb.

Yəmən ordusu ötən gün ölkənin müxtəlif bölgələrində son 3 gün ərzində husilərə qarşı 756 hücum keçirildiyini, nəticədə 2 316 nəfərin öldüyünü və ya yaralandığını açıqlayıb. Ordunun məlumatına görə, həmin hücumlarda 4 iranlı mütəxəssis də həlak olub.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər