Gədəbəyin yeni icra başçısı kimdir? - DOSYE
Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyevin 28 sentyabr 2026-cı il tarixli sərəncamı ilə bu vəzifəyə təyin olunan Hacıbaba Babayev bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyətində çalışıb.
Hacıbaba Babayev 1 yanvar 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.
O, N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumunda mühasibat uçotu ixtisası üzrə təhsil alıb. Daha sonra Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb və magistratura pilləsini bitirib. 2009–2013-cü illərdə Naxçıvan Dövlət Universitetində iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə təhsil alıb.
Babayev əmək fəaliyyətinə 2004-cü ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb. Sonrakı illərdə həmin şöbədə müxtəlif vəzifələrdə çalışıb və baş məsləhətçi vəzifəsinə qədər yüksəlib.
2022-ci ilin yanvarında Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.
Həmin ilin iyulunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.
8 aprel 2024-cü ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.
Hacıbaba Babayev 21 iyun 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Babayev Yeni Azərbaycan Partiyasının üzvüdür.
2002–2003-cü illərdə müddətli həqiqi hərbi xidmət keçib.
Rəsmi bioqrafik məlumatına görə, ailəlidir və iki övladı var.
28 sentyabr 2026-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Kübra Musayeva