Milli Qəhrəmanın övladının təhsil haqqı problemi həll olundu
Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevin övladının təhsil haqqı ilə bağlı üzləşdiyi problem ictimai diqqətə səbəb olub.
Milli Qəhrəman Vahid Quliyev TodayPress TV-yə bildirib ki, pandemiya dövründə ailəsinin maddi vəziyyəti ilə əlaqədar aidiyyəti qurumlara müraciət edib.
Onun sözlərinə görə, həmin vaxt Elm və Təhsil Nazirliyinə məsələ ilə bağlı göstəriş verilib və universitet rəhbərliyi ilə əlaqə saxlanılıb.
Quliyev qeyd edib ki, oğlu Murad Vahid oğlunun təhsil haqqının bir hissəsinin ödənilməsi üçün universitetin Həmkarlar İttifaqı tərəfindən dəstək göstərilib. Lakin təhsil haqqının tam ödənilmədiyini deyən Milli Qəhrəman sonradan oğlunun diplomunu almaq üçün universitetə müraciət etdikdə 4 mindən çox borcun qaldığını öyrəndiyini bildirib.
Milli Qəhrəman məsələ ilə bağlı yenidən universitet rəhbərliyinə və aidiyyəti şəxslərə müraciət etdiyini, lakin problemin uzun müddət həll olunmadığını deyib.
Məsələ ilə bağlı TodayPress TV Elm və Təhsil Nazirliyi ilə Bakı Dövlət Universitetinə müraciət edib.
Elm və Təhsil Nazirliyindən cavab gəlməsə də, universitetin mətbuat katibi Kəmalə Quliyeva bildirib ki, məsələ artıq həll olunub. Onun sözlərinə görə, tələbənin diplomu təqdim edilib.
Hadisə şəhid ailələri, qazilər və Milli Qəhrəman ailələrinin sosial təminatı, xüsusilə onların övladlarının təhsil imkanlarının daha da genişləndirilməsi məsələsini yenidən gündəmə gətirir.
Vətən qarşısında xüsusi xidmətləri olan şəxslərin ailələrinin təhsil və digər sosial ehtiyaclarla bağlı problemlərlə üzləşməməsi üçün mövcud dəstək mexanizmlərinin daha da təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır.
Türkan İsgəndərli