Sumqayıtda nəqliyyat xaosu: Sərnişinlər yarı yolda düşürülür, reyslər gecikir - VİDEO

Sumqayıtda nəqliyyat xaosu: Sərnişinlər yarı yolda düşürülür, reyslər gecikir - VİDEO
21.09.2026 09:07 Sosial

Sumqayıt avtovağzalından şəhərlərarası və Bakı istiqamətində hərəkət edən avtobusların fəaliyyətində ciddi problemlər yaşanır. 

TodayPress TV xəbər verir ki, sərnişinlərin bildirdiyinə görə, avtobuslar əvvəlki kimi avtovağzalda sıra ilə dayanaraq növbəli şəkildə sərnişin qəbul etmir. 

Reyslərin gecikməsi səbəbindən ərazidə uzun növbələr və kütləvi sıxlıq yaranır, nəticədə bəzi sərnişinlər gələn nəqliyyat vasitələrinə minə bilmirlər.

Şəhərdə keçirilən tədbirlər fonunda yollarda və avtovağzal ətrafında müəyyən sıxlığın yaranması başadüşülən olsa da, avtovağzaldan çıxan avtobusların az sayda reysə buraxılması və gözləmə müddətinin həddindən artıq uzanması sərnişinlərin ciddi narazılığına səbəb olur. 

Əvvəllər avtobusların daha nizamlı şəkildə xəttə buraxıldığını vurğulayan vətəndaşlar hazırdakı idarəetmə pərakəndəliyinin səbəbini anlaya bilmirlər.

Avtovağzaldakı xaosla yanaşı, daxili marşrutlarda da bənzər vəziyyət hökm sürür. 

Bildirilir ki, 7 nömrəli avtobusların sürücləri sərnişinləri Avtovağzala çatdırmadan yarı yolda düşürürlər. Sürüclər bu addımı vaxt qrafikinə çatdıra bilməmələri ilə əsaslandırmağa çalışsalar da, bu hal nəqliyyatdan istifadə edən şəxslərin çarəsizliyini daha da artırır.

Sakinlər mövcud özbaşınalığın və nəqliyyat böhranının aradan qaldırılması üçün aidiyyəti qurumların məsələyə təcili müdaxilə etməsini və rəsmi aydınlıq gətirməsini tələb edirlər. 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA)  sorğu ünvanlanıb. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər