Qan təzyiqini ayaqda ölçün - Mütəxəssislər açıqladı
Mütəxəssislər bildirirlər ki, qan təzyiqinin yalnız qolda deyil, ayaqda da ölçülməsi aşağı ətraflarda qan dövranı problemlərinin erkən aşkarlanmasına kömək edə bilər.
TodayPress TV xəbər verir ki, bu cür pozğunluqlar çox vaxt heç bir əlamət vermədən inkişaf edir.
Qol və ayaqdakı qan təzyiqi göstəricilərinin müqayisəsi damarların vəziyyəti barədə mühüm məlumat verir. Sağlam insanlarda topuq nahiyəsində ölçülən təzyiq adətən qoldakı təzyiqə bərabər və ya bir qədər yüksək olur. Ayaqdakı göstəricinin aşağı olması ayaqları qanla təmin edən arteriyalarda daralma ehtimalını göstərə bilər.
Bu qiymətləndirmə üçün topuq-brakiyal indeksdən istifadə olunur. Klinik şəraitdə bu göstərici adətən Doppler ultrasəs və ya dupleks müayinə vasitəsilə müəyyən edilir. Təxmini qiymətləndirməni ev şəraitində də aparmaq mümkündür: əvvəlcə qolda qan təzyiqi ölçülür, daha sonra manjet baldır nahiyəsinə yerləşdirilərək ayaqdakı təzyiq müəyyən edilir.
Mütəxəssislərin məlumatına görə, topuq-brakiyal indeksin normal göstəricisi 0,9-1,4 arasında olur. Bu göstəricinin aşağı olması periferik qan dövranı pozğunluqlarına, yüksək olması isə damar divarının sərtləşməsinə işarə edə bilər. İndeks nə qədər aşağı olarsa, damar problemlərinin ehtimalı bir o qədər yüksək hesab edilir.
Türkan İsgəndərli