Husilər Səudiyyəni vurdu: Ər-Riyad yaxınlığında sirenlər səsləndi
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad yaxınlığında yerləşən “Aramco” şirkətinə məxsus iri neft obyektinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlayıblar.
TodayPress TV xəbər verir ki, “Al Jazeera”nın məlumatına görə, bu açıqlama şənbə günü “Aramco”nun neft emalı zavodunun üzərində güclü alov və qatı tüstü müşahidə edildikdən, yanğının söndürülməsi üçün xilasedicilər cəlb olunduqdan sonra verilib.
Səudiyyə Ərəbistanı hakimiyyəti və “Aramco” şirkəti yanğının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Husilərin hərbi nümayəndəsi Yəhya Səri “X” sosial şəbəkəsində bildirib ki, hücumlar nəticəsində hədəf seçilən obyektlərdə yanğınlar baş verib. O, hücumların Səudiyyə Ərəbistanının husilərin nəzarətində olan Yəmən ərazilərinə, o cümlədən paytaxt Sənaya endirdiyi hava zərbələrinə cavab olduğunu iddia edib.
Sərinin sözlərinə görə, son 24 saat ərzində Səudiyyə Ərəbistanı husilərin nəzarətində olan ərazilərə təxminən 60 hava zərbəsi endirib.
Kübra Musayeva