Yaponiyada ŞOK HADİSƏ: 26 il həyat yoldaşının qətlə yetirildiyi evi...
Maraqlı
11.11.2025 23:00
Yaponiyanın 69 yaşlı sakini 26 il ərzində həyat yoldaşının öldürüldüyü evi tərk etməyib və kirayə haqqını ödəməyə davam edib. O bunu cinayət yerindəki sübutların qorunması üçün etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, hadisə haqqında “South China Morning Post” yazıb.
Cinayət 1999-cu il noyabrın 13-də baş verib. 39 yaşlı evdar qadın Namiko Takaba evində boğazından bir neçə bıçaq zərbəsi ilə öldürülüb. Onun iki yaşlı oğlu hadisə yerində tapılsa da, zərər görməyib. Təxminən 100 min polis əməkdaşı və 5 min şahidin iştirakı ilə aparılan genişmiqyaslı istintaqa baxmayaraq, o dövrdə qatil tapılmamışdı.
Polis yalnız qatilin qadın olması, qan qrupunun B, boyunun təxminən 1,6 metr, ayaqqabı ölçüsünün isə 24 sm olması barədə məlumat əldə etmişdi. Namikonun həyat yoldaşı Satoru Takaba hadisə yerini dəyişmədən saxlayıb — otaqda hələ də qan izləri və mərhumun şəxsi əşyaları qalır. O, 26 il ərzində təxminən 145 min dollar kirayə haqqı ödəyərək evi qoruyub, eyni zamanda hadisə ilə bağlı bukletlər paylayıb və ictimaiyyətdən kömək istəyib.
2024-cü ildə polis işi yenidən açaraq ailə ilə əlaqəsi olan şəxslərə diqqət yönəldib. 30 oktyabr 2025-ci ildə 69 yaşlı Kumiko Yasufuku könüllü şəkildə polisə təslim olub. Məlum olub ki, o, vaxtilə Satoru ilə eyni məktəbdə oxuyub və ona qarşı hisslər bəsləyib.
Cinayət yerində tapılan DNT nümunəsi Yasufukununkı ilə üst-üstə düşüb. Qadın günahını etiraf edib və illərlə qorxu və peşmanlıq içində yaşadığını söyləyib:
“İllərdir ailəmə problem yaratmaqdan qorxurdum. Hər il 13 noyabrda narahatlıq və depressiya hiss edirdim”, – deyə o, polisə bildirib.
Satoru Takaba isə etirafın onu təəccübləndirdiyini deyib:
“Heç vaxt bunun o olacağını düşünməzdim. Fikirləşirdim ki, qatil çoxdan uzaqlara gedib. Amma məlum oldu ki, bütün bu illər ərzində evimizin yaxınlığında yaşayıb".
Qiymət Mahir
tag: Yaponiya,Qətl,Qatil,Cinayət,Todaypress.tv,
