Pişiyinizin etibarını qazanmağın sadə yolu açıqlandı

Pişiyinizin etibarını qazanmağın sadə yolu açıqlandı
22.06.2026 01:00 Maraqlı

Alimlər müəyyən ediblər ki, pişiklə ünsiyyət qurmağın ən sadə yollarından biri yavaş-yavaş göz qırpmaqdır.

TodayPress TV xəbər verir ki, bu barədə "ScienceAlert" nəşri yazıb.

Nəşrin məlumatına görə, aparılan araşdırmalar göstərib ki, pişiklər gözlərini qıyaraq və yavaş-yavaş göz qırpan insanlarla daha asan ünsiyyət qururlar.

Mütəxəssislər qeyd edirlər ki, söhbət adi insan təbəssümündən deyil, "pişik təbəssümü" adlandırılan spesifik mimikadan gedir. Bu, adətən rahat vəziyyətdə olan pişiklərin nümayiş etdirdiyi, yarımqapalı gözlər və asta gözqırpma hərəkətləri ilə xarakterizə olunan davranışdır.

Sasseks Universitetinin psixoloqu Karen Makkomb bildirib ki, tədqiqatın nəticələri pişiklərlə insanların bu üsulla qarşılıqlı ünsiyyət qura bildiyini təsdiqləyib. Onun sözlərinə görə, bir çox ev heyvanı sahibləri belə bir əlaqə mexanizminin mövcud olduğunu uzun müddətdir güman edirdilər.

Birinci eksperiment çərçivəsində alimlər 14 ailəyə məxsus 21 pişiyi müşahidə ediblər. Sahiblərdən pişiklər onlara baxarkən yavaş-yavaş göz qırpmaları xahiş olunub. Nəticələrin təhlili göstərib ki, passiv davranışla müqayisədə heyvanlar bu jestə daha çox eyni şəkildə - yavaş göz qırpmaqla cavab veriblər.

İkinci eksperimentdə isə səkkiz ailədən 24 pişik iştirak edib. Bu dəfə heyvanlarla əvvəllər heç bir təması olmayan tədqiqatçılar ünsiyyət qurublar. Yavaş gözqırpma və uzadılan əldən sonra pişiklər nəinki eyni jestlə daha çox cavab verib, həm də insanlara daha həvəslə yaxınlaşıblar.

Karen Makkombun sözlərinə görə, bu nəticələr yavaş gözqırpmanın pişiklər və insanlar arasında ünsiyyətdə mühüm rol oynadığını eksperimental şəkildə təsdiqləyən ilk elmi araşdırmadır.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu cür qarşılıqlı davranış insanla heyvan arasındakı əlaqələrin möhkəmlənməsinə kömək edə bilər. Bundan əlavə, həmin üsul pişiklərin rifahının müxtəlif şəraitlərdə, o cümlədən baytarlıq klinikalarında və heyvan sığınacaqlarında qiymətləndirilməsi üçün də faydalı ola bilər.

Qeyd olunur ki, müasir elmi araşdırmalar pişiklərin əvvəllər düşünüldüyündən daha inkişaf etmiş sosial və koqnitiv qabiliyyətlərə malik olduğunu göstərir. Belə ki, onlar öz adlarını tanıya, insanların onlara münasibətinə reaksiya verə və sahibləri ilə güclü emosional bağ qura bilirlər.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər