Münasibətlərin bitməsinə hansı amillər təsir edir?

Maraqlı

10.11.2025 19:30

Yeni araşdırmaya görə, münasibətlərin bitməsi adətən impulsiv deyil, emosional, sosial və idrak amillərinin təsiri altında formalaşan düşünülmüş qərarın nəticəsidir. Psixoloqların fikrincə, ayrılıq qərarları çoxqatlı proses olub, fərdi xüsusiyyətlərlə yanaşı, ətraf mühit və mədəni normaların da təsiri ilə formalaşır.

TodayPress TV xəbər verir ki, ayrılıq qərarına dörd əsas amil təsir edir: emosional vəziyyət və gözlənilən hisslər, sosial təzyiq və normalar, ayrılığın nəticələri ilə bağlı inanclar və nəzarət hissi, eləcə də konkret fəaliyyət planının mövcudluğu.

Məsələn, bir şəxs ayrılığın ona azadlıq və rahatlıq gətirəcəyinə inanırsa, bu, qərarı sürətləndirə bilər. Lakin sosial qınaq və ya günahkarlıq hissi bu niyyəti zəiflədə bilər.

Mütəxəssislər bildirirlər ki, yaş, din, şəxsiyyət xüsusiyyətləri və mədəni dəyərlər də bu qərarlara dolayı təsir göstərir.

Hazırda tədqiqat nəzəri mərhələdədir və əvvəlki araşdırmaların nəticələrinin sistemləşdirilməsi ilə aparılıb. Alimlər növbəti mərhələdə modeli praktik olaraq sınaqdan keçirməyi və hansı amillərin ayrılıq və ya boşanma qərarlarını daha güclü proqnozlaşdırdığını müəyyən etməyi planlaşdırırlar.

Tədqiqat müəlliflərinin fikrincə, bu mexanizmləri başa düşmək insanlara yalnız münasibətlərdə deyil, həm də dostluq və karyera kimi həyatın digər sahələrində daha şüurlu qərarlar qəbul etməyə kömək edə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Münasibət,Emosianal,Ayrılıq,Qərar,Todaypress.tv,