İnsanlar pişiklərin emosiyalarını başa düşməkdə çətinlik çəkirlər

Maraqlı

06.11.2025 19:30

Avstraliyalı alimlərin apardığı araşdırma göstərib ki, insanlar pişiklərin emosiyalarını və davranış siqnallarını düzgün dəyərləndirməkdə çətinlik çəkirlər.

TodayPress TV xəbər verir ki, tədqiqat zamanı 368 iştirakçıya insanlarla pişiklərin qarşılıqlı əlaqəsini əks etdirən videolar təqdim edilib. 

Videolarda bəzi pişiklər oynayır, digərləri isə stress və narahatlıq əlamətləri göstərirdi. İzləyicilərdən pişiyin vəziyyətini qiymətləndirmələri və onunla necə davranacaqlarını təsvir etmələri istənilib.

Nəticələr göstərib ki, pişiklərdə stressi tanımaq çox çətindir. Məsələn, heyvan üzünü çevirdikdə və ya toxunmaqdan qaçdıqda, iştirakçılar bu davranışı düzgün qiymətləndirə bilməmiş, yalnız 48,7% hallarda narahatlığı müəyyən edə biliblər. 

Tədqiqatçılar bildiriblər ki, hətta stressi düzgün tanıyanlar da tez-tez yanlış reaksiya veriblər. Məsələn, pişiyi sakitləşdirmək üçün onu sığallamağa və ya qarnına toxunmağa çalışıblar. Bu isə heyvanda əlavə qıcıqlanma yaradaraq dişləmə və cızıqlanma riskini artırır.

Heyvan psixoloqları pişiklərin narazılıq əlamətlərinə diqqət yetirməyi tövsiyə edirlər: üzünü çevirmək, əldən uzaqlaşmaq, bədəni gərginləşdirmək, qulaqları geri çəkmək və quyruğunu tez-tez hərəkət etdirmək bu əlamətlərdəndir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Pişik,İnsan,Emosiya,Stress,Todaypress.tv,