Bakı bir çox ölkələri geridə qoydu – Təhsildə yüksəliş
"PISA nəticələrini qəbul imtahanındakı 700 ballıq sistemlə eyniləşdirmək düzgün deyil".
TodayPress TV xəbər verir ki, bunu PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, PISA-da 500 bal orta göstəricini ifadə edir.
"500 bal müxtəlif ölkələr üzrə oxu savadlılığı, riyazi savadlılıq və təbiət elmləri üzrə orta xalın göstəricisidir. 505 bal orta göstəricidən daha yaxşı, 495 bal isə daha aşağı nəticə deməkdir".
Nazir PISA şkalasında ballar arasındakı fərqin də müəyyən mənası olduğunu vurğulayıb. O bildirib ki, təxminən 20 ballıq fərq şərti olaraq bir tədris ilində əldə edilən bilik və bacarıq fərqinə uyğun hesab olunur.
"2018-ci ildə Azərbaycan PISA-da Bakı şəhəri üzrə iştirak edib. 2022-ci ildə də Bakı üzrə iştirak davam edib, 2025-ci ildə isə tədqiqatın əhatə dairəsi bütün ölkəyə genişləndirilib. Bu, 2018, 2022 və 2025-ci illərin nəticələrini müqayisə etməyə və Azərbaycan təhsil sistemindəki dinamikanı daha yaxşı qiymətləndirməyə imkan verir".
Emin Əmrullayev Bakı üzrə nəticələrin bəzi göstəricilər üzrə bir sıra ölkə və şəhərləri qabaqladığını da bildirib.
“Bakı şəhərinin nəticəsi 2022-ci ildə bir çox digər şəhər və ölkələrlə müqayisədə riyaziyyat üzrə daha yüksəkdir. Bu, həqiqətən də böyük nəticədir”.
Nazir əlavə edib ki, PISA nəticələrinin əsas əhəmiyyəti yalnız ölkələrin reytinqdəki yerini müəyyənləşdirmək deyil, həm də təhsil sistemində hansı istiqamətlərdə inkişaf və dəyişiklik olduğunu göstərməkdir.
Türkan İsgəndərli