Kamran Əliyev: Azərbaycan heç vaxt bu qədər güclü olmamışdı

Kamran Əliyev: Azərbaycan heç vaxt bu qədər güclü olmamışdı
28.09.2026 11:31 Tədbirlər

“Azərbaycan dövləti heç vaxt bu qədər güclü, bu dərəcədə dünya ölkələri üçün etibarlı olmamışdı. Biz buna sevinirik”.

TodayPress TV xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

Baş prokuror bildirib ki, Azərbaycan aparıcı ölkələrlə yüksək səviyyəli siyasi-diplomatik münasibətlər qurub.

O, ABŞ vitse-prezidentinin fevral ayında Bakıya səfərini və strateji əməkdaşlıq haqqında müqavilənin imzalanmasını xüsusi qeyd edib.

Kamran Əliyev Çin Xalq Respublikası və digər aparıcı ölkələrlə də qarşılıqlı maraqlar əsasında səmərəli və faydalı ikitərəfli münasibətlərin qurulduğunu vurğulayıb.

Baş prokuror Azərbaycanın ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq platformalarda da fəal iştirak etdiyini diqqətə çatdırıb.

Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının Şəhərsalma üzrə Ümumdünya Forumunun (WUF12) Bakıda keçirilməsini də Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsinin nümunəsi kimi göstərib.

“BMT-nin mühüm tədbirlərindən birinin ölkəmizdə uğurla baş tutması da həyata keçirilən islahatların, tədbirlərin tərkib hissəsidir”, – deyə Baş prokuror qeyd edib.

O, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə də toxunub:

Həmin ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir və “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həmin bölgələrə mütəmadi səfərlər edilir, yeni infrastruktur layihələrinin təməli qoyulur, hazır layihələrin isə açılışı keçirilərək istifadəyə verilir. Sevindirici haldır ki, işğaldan azad olunmuş ərazilərdə yeni infrastruktur layihələrinin tikintisinə və istifadəyə verilməsinə qardaş ölkələrin şirkətləri cəlb olunur. Burada xüsusən Türkiyə və Mərkəzi Asiya ölkələrini, Çin Xalq Respublikasını və digər ölkələri nümunə kimi göstərə bilərik”, – deyə Kamran Əliyev əlavə edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər