Qrupda 6-da 6 edən şpaqaçımız Budapeştdə fəxri kürsüyə yüksəldi!
Şpaqa üzrə Azərbaycan milli komandasının üzvü Vahab Fətullayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Kadet-Junior Párbajtőr Magyar Kupa 3” beynəlxalq turnirində uğurla çıxış edib.
TodayPress TV xəbər verir ki, təmsilçimiz gənc oğlanlar arasında qılıncoynatmanın şpaqa növü üzrə fərdi yarışlarda 149 idmançı arasında 3-cü yeri tutub.
Vahab Fətullayev qrup mərhələsində keçirdiyi 6 görüşün hamısında qələbə qazanaraq mərhələni itkisiz başa vurub. Pley-off mərhələsində də inamlı təsir bağışlayan qılıncoynadanımız ardıcıl olaraq Çin və Macarıstan təmsilçilərini üstələyərək yarımfinala yüksəlib. O, 1/4 finalda macarıstanlı Akos Kubingeri 15:10 hesabı ilə məğlub etsə də, finala vəsiqə uğrunda görüşdə Edmond Ventzelə gərgin mübarizədə uduzub – 13:15.
Bu nəticə ilə Vahab Fətullayev beynəlxalq turnirin bürünc medalına sahib olub.
Namiq HUN