Kamran Əliyev: 2026-cı ildə əvvəlki illərdən bağlı qalmış 9 ölüm işi açılıb
“Yalnız 2026-cı ilin əvvəlindən bu günədək əvvəlki illərdə qeyri-aşkarlıq şəraitində törədilmiş və bağlı qalmış 9 ölüm işinin açılması əməkdaşlarımız tərəfindən təmin edilib”.
TodayPress TV xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
Baş prokuror bildirib ki, belə cinayət işlərinin açılması istiqamətində digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərilir:
“Bu sahədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi və Penitensiar Xidmətlə əməkdaşlıq edilir. Təbii ki, bu sahədə fəaliyyətimizi davam etdirməliyik və etdirəcəyik. Çünki bu, bizim prioritet istiqamətlərimizdən biridir”, – deyə Kamran Əliyev qeyd edib.
Baş prokuror iqtisadi cinayətkarlığa qarşı mübarizə istiqamətində görülən işlərdən də danışıb.
O bildirib ki, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşları və digər istintaq qurumları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.
“Burada konkret olaraq büdcəyə vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, eyni zamanda vətəndaşlara vurulmuş ziyanın aradan qaldırılması, mənzil satışı sahəsində fırıldaqlara məruz qalmış vətəndaşların hüquqlarının bərpa edilməsi, dövlətə, dövlət fonduna qanunsuz zəbt edilmiş torpaqların qaytarılması kimi sahələrdə kifayət qədər işlər görülmüşdür və bu fəaliyyətimiz davam edir”, – deyə Baş prokuror bildirib.
Qiymət Mahir