Zəngəzur kimə və necə verildi? TARİXİ SƏNƏDLƏR

Təhlil

14.04.2026 13:45

“Prezident İlham Əliyevin bu çıxışının tarixi sənədləri və sübutları var: “Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyanı iki yerə bölünürdü”.

Bu sözləri TodayPress TV-yə açıqlamasında dosent, tarixçi Zaur Əliyev deyib.


O bildirib ki, Zəngəzur Azərbaycan torpağıdır və 1920-ci ilə qədər bütün beynəlxalq sənədlərdə, xəritələrdə və yazışmalarda bura Azərbaycan əraziləri kimi qeyd edilib:

“Əlbətdə, Cümhuriyyət dövründə Amerika və onun Qafqaz üzrə hərbiçiləri Zəngəzurun Ermənilərə verilməsi istiqamətində çox iş gördülər, ordunu ordan çıxardılar, daşnakların günahsız azərbaycanlıların qətl edilməsinə göz yumdular, minlərlə azərbaycanlının torpağından zorla qovulmasına susdular. Amerikanın ardınca buranı işğal edən Sovetlər, məhz Rusiya qədim Azərbaycan torpaqlarının ermənilərə verilməsini sənədləşdirdilər”.

Tarixçi qeyd edir ki, 1920-ci il 28 aprel Bakı şəhərinin qırmızı terror-bolşeviklər tərəfindən işğal edilməsindən sonra onlar Azərbaycanın tamam ələ keçirilməsi üçün irəli getdilər:


“19 iyun 1920-ci ildə Leninə teleqram göndərilir və orda yazılır: “Qarabağ və Zəngəzurda Sovet hakimiyyəti quruldu, qeyd edilən ərazi sakinləri özlərini Azərbaycan Sovet Respublikasının ayrılmaz hissəsi hesab edirlər” (Mənbə: Центральный партийный архив Института марксизма-ленинизма при ЦК КПСС (в дальнейшем – ЦПА ИМЛ). Ф. 461. On. 1. Д. 4525. Л. 1)”.

Onun sözlərinə görə, bir neçə gündən sonra Serqo Orconikidze Lenin, Stalin və Çiçerinə yazır:


“Erməni inqilabçı Ter Qabrelyanla danışdım, o Dərələyəz uyezdinin Ermənistana verilməsi şərti ilə Qarabağ və Zəngəzurun Azərbaycan tərkibində qalmasına etiraz etmir, biz bununla bağlı yoldaş Nərimanovla danışacıq” (Mənbə: Архив МИД СССР. Д. 54862, Л. 25–28)”.

Zaur Əliyev bildirib ki, bu məktubdan sonra Nəriman Nərimanovla Serqo Orconikidze arasında telefon danışığı olur:

“Nərimanov ona deyir: “Qarabağ və Zəngəzur Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu barədə heç bir söhbət ola bilməz. Siz nəyi gözləyirsiz. Ermənistanla artıq sülh şəraiti var” (Mənbə: ЦПА ИМЛ. Ф. 64. On. 1. Д. 17. Л. 33, 34)”.

Tarixçi əlavə edib ki, Serqo Orconikidze bu danışıqdan sonra Çiçerinə teleqram göndərir:


“Nərimanov Qarabağ və Zəngəzurun Azərbaycana birləşdirilməsini tələb edir, mən etiraz etmirəm, ancaq bu iki əraziyə muxtariyyət verilsin, mən onları məcbur edə biləcəm buna” (Mənbə: ЦПА ИМЛ. Ф. 64. On. 1. Д. 17. Л. 66)”.

Onun sözlərinə görə, bir müddət sonra Çiçerinə göndərilən teleqramda yazılır:

“Zəngəzur və Qarabağ mübahisəli ərazi sayıla bilməz, buralar Sovet Azərbaycanın ayrılmaz tərkib hissəsdir. Dro tərəfindən qətl edilən minlərlə erməni isə Azərbaycanda sığınacaq tapırlar” (Mənbə: Архив МИД СССР. Д. 56822. Л. 36)”.

Zaur Əliyev bildirib ki, 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu:

“Lakin Serqo Orconikidze dayanmaq bilmir və bütün gücü ilə Zəngəzurun ermənilərə verilməsini müdafiə edir. Moskva Azərbaycanı güzəştlərə məcbur etmək üçün “proletar beynəlmiləlçiliyi” deyilən təbliğat vasitələrindən istifadə edirdi. Bu məsələ bir neçə dəfə müxtəlif səviyyələrdə müzakirə olundu. Lakin bu bölgəni xilas etmək mümkün olmadı”.

Tarixçi qeyd edib ki, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu:

“Hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi. Sovet Ermənistana isə hədiyyə növbəti gün edilir. 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zəngəzurun taleyi həll olundu. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdir”.


Onun sözlərinə görə, 1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular:

“Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib”.

Tarixçi əlavə edib ki, 1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölündü və Zəngəzur adı xəritədən silindi:

“Yerində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, sonra isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı”.

Zaur Əliyev vurğulayıb ki, hazırda Ermənistanın hərbi nəzarətində olan Zəngəzur ən qədim dövrlərdən Azərbaycan ərazilərində təşəkkül tapmış dövlətlərin tərkibində mövcud olmuşdur:

“Erməni, rus, fars mənbələrində bu barədə birmənalı, təkzibolunmaz faktlar, məlumatlar mövcuddur ki, Zəngəzur Azərbaycan torpağıdır. Erməni tarixçisi Gevork Aslan yazır: “ermənilərdə heç vaxt dövlətçilik olmamışdır, onlarda vətən hissi və vətənə bağlılıq olmamışdır, nə də siyasi bağlarla vətənə bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerlə bağlı olmuşdur”. Bəli, Amerikalılar, sonra isə Ruslar dövlətçiliyi olmayan bir millətə Azərbaycan torpaqları hesabına dövlət yaratdılar”.

Qiymət Mahir

TodayPress TV

tag: Zaur Əliyev,Tarixçi,Zəngəzur,Ermənistan,Todaypress.tv,