İRANI MƏHV PLANI - Tehran məsələsi Yaxın Şərqə xərçəng kimi yayılır
ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı çıxışında İranla bağlı səsləndirdiyi sərt mesajlar Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da dalana dirəyir.
Tramp beynəlxalq kürsüdə Tehranla razılaşma əldə olunacağı təqdirdə yeni mərhələnin başlaya biləcəyini desə də, razılaşma baş tutmasa, İranı “məhv etmək” variantından danışıb.
Eyni vaxtda ABŞ və İran nümayəndələri Nyu-Yorkda dolayı, nəticəsiz danışıqlar aparıblar.
Bu mənzərədə Yəməndə Husilərlə Səudiyyə Ərəbistanı arasında artan qarşıdurma ayrıca təhlükə yaradır.
Çünki Husilərin Səudiyyəyə zərbələri Riyadın cavabını, Səudiyyənin cavabı isə İranın prosesə daha fəal qoşulmasını gündəmə gətirə bilər.
Əsas problem də budur. Yaxın Şərqdə artıq bir neçə ayrı münaqişə eyni xətt üzrə birləşir. İran-ABŞ qarşıdurması, Yəmən cəbhəsi, Hörmüz və Bab əl-Məndəb ətrafındakı gərginlik bir-birinə təsir edir. Bir cəbhədə baş verən hadisə digər cəbhədə əks təsir doğura bilər.
Bu baxımdan Husilərin Səudiyyə obyektlərinə hücumları təkcə Yəmən daxilindəki münaqişənin davamı yox, enerji infrastrukturu və dəniz yollarına toxunduğu üçün məsələ artıq regional təhlükəsizlik məsələsinə çevrilir.
Hörmüzlə yanaşı Bab əl-Məndəbin də risk altında qalması neft və yük daşımalarına ciddi zərbə vura bilər.
Trampın nala-mıxa vurması (bir tərəfdən İranı sərt hədələməsi, digər tərəfdən danışıqlardan danışması) qarşıdurmanın hələ tam nəzarətdən çıxmadığını göstərir.
Ancaq diplomatik kanal tam bağlanarsa və hərbi təzyiq artarsa, Yəmən, Körfəz və İran cəbhələrinin eyni vaxtda hərəkətə keçməsi mümkündür.
Bu səbəbdən hazırda əsas təhlükə yeni bir müharibənin elan olunmasından ziyadə, artıq davam edən qarşıdurmaların bir-birini qidalandıraraq daha böyük regional savaşı doğurmasıdır.
Jalə Rövşən