Ermənistan Avropa bazarını ələ keçirməyə başladı
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək Aİ-Ermənistan tərəfdaşlığının inkişaf etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, fon der Lyayen bu barədə “X” hesabında paylaşım edib.
“Əziz Nikol Paşinyan, sizi həmişə olduğu kimi görməyimə şadam. Biz dinc və çiçəklənən Cənubi Qafqaz üzərində işləyərkən Ermənistanı Avropa İttifaqına daha da yaxınlaşdırırıq.
200 milyon avroluq bağlantı paketimiz çərçivəsində yollar və körpülər inşa edirik. Sülhü təşviq edən investisiyalarımızla insanlar arasında körpülər də yaradırıq.
Muxtar Ticarət Tədbirlərimiz yeni imkanlar açacaq. Ermənistanın Aİ bazarına ixracının 80 faizi artıq tariflərdən azad ediləcək.
Bu tədbirlərin Aİ qanunvericiləri tərəfindən yekun təsdiqinin sabah – rekord müddətdə – baş tutacağını gözləyirik.
Nəhayət, enerji təhlükəsizliyini də gücləndiririk.
Beləliklə, Aİ-Ermənistan tərəfdaşlığı sürətlə irəliləyir və əvvəlkindən daha güclüdür”, - deyə Avropa Komissiyasının rəhbəri bildirib.
Qeyd edək ki, Avropa Parlamenti sentyabrın 15-də Ermənistan məhsullarına dair müvəqqəti Muxtar Ticarət Tədbirlərini təsdiqləyib. Tədbirlər Ermənistanın Aİ-yə ixracının təxminən 80 faizinin tariflərdən azad edilməsini nəzərdə tutur.
Qiymət Mahir