“Mançester Yunayted” əfsanəsindən milyarderə ağır zərbə: “Bütün böyük futbolçular miqrantdır!”
“Mançester Yunayted”in keçmiş hücumçusu Erik Kantona klubun həmsahibi Cim Retkliffin miqrantlar barədə verdiyi bəyanatlara sərt reaksiya verib.
TodayPress TV xəbər verir ki, fransalı əfsanəvi futbolçu “Manchester Evening News”a açıqlamasında klub rəhbərinin bu cür çıxışlarını anlamaqda çətinlik çəkdiyini bildirib:
“Mənim bütün bu siyasət barədə necə düşündüyümü bilirsiniz. Klubun sahiblərindən biri olan şəxsin belə sözlər deməsini anlaya bilmirəm.
Futbol çox populyar idman növüdür. Bütün böyük oyunçular müxtəlif immiqrasiya dalğalarından gələnlərdir. Hər yerdə - Fransada, İngiltərədə, hər yerdə bu belədir. Məsələn, Fransada ən böyük futbolçular miqrant ailələrinin nümayəndələridir. Mən bu barədə “Fransa futbolu: İmmiqrantların tarixçəsi” adlı sənədli film də çəkmişəm. 1950-ci illərdə Raymon Kopa Fransaya gəlib ağır zəhmət çəkən polyak miqrantların övladı idi. Həmçinin Platini kimi italyanlar var idi.
Mənim də anam, eləcə də özüm ispaniyalı qaçqın ailəsindən gəlirik. Mən bu cür bəyanatları qəbul edə bilmərəm”.
Xatırladaq ki, “Mançester Yunayted”in həmsahibi olan milyarder Cim Retkliff Böyük Britaniyanın kütləvi immiqrasiya və yüksək vergilər səbəbindən “tənəzzül dövrünü yaşadığını” iddia edib və immiqrantlarla bağlı sərt fikirlər səsləndirib.
Namiq HUN