Kiyevə kütləvi raket hücumu: Ölən və yaralananlar var - VİDEO

Kiyevə kütləvi raket hücumu: Ölən və yaralananlar var - VİDEO
24.09.2026 08:11 Dünya

Sentyabrın 24-ü gecə saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə raket və hücum dronları ilə kütləvi zərbələr endirib.

TodayPress TV xəbər verir ki, Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin səhər saat 06:00-a olan məlumatına görə, hücum nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Partlayış və dağıntılar Kiyevin ən azı beş rayonunda qeydə alınıb. Svyatoşinski rayonunda anbar binasına, Dnepr rayonunda isə 16 mərtəbəli yaşayış binasına, kommersiya obyektinə və iki fərdi evə ziyan dəyib.

Solomenski rayonunda anbar yanıb, Podolskidə isə dayanacaqda yanğın baş verib.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Podolski rayonunda doğum evinin yaxınlığına raket qalıqları düşüb. Hadisə nəticəsində binanın pəncərələri və fasadının bir hissəsi zədələnib. Yaxınlıqdakı klinik-diaqnostika mərkəzinə də ziyan dəyib. Dayanacaqda bir nəfərin öldüyü bildirilib.

Kliçko yaralananlardan dördünün xəstəxanaya yerləşdirildiyini, onlardan ikisinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

ABŞ-də səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski hücuma münasibət bildirərək, zərbələrin əsasən Kiyev və mülki infrastruktura yönəldiyini deyib.

Zelenski Rusiyaya qarşı təzyiqin artırılmasının və Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün əlavə raketlərin verilməsinin vacibliyini vurğulayıb.

Türkan İsgəndərli


XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər