Ölüm riski yaradan virus yayıldı
Sağlamlıq
06.05.2026 13:27
Son günlər ölkədə kütləvi xəstələnmə halları müşahidə olunur. Bir çox insan yüksək hərarət, quru öskürək, halsızlıq və həzm pozğunluqlarından şikayət edir. Əhali arasında "hantavirus"un yayılması ilə bağlı şübhələr yaranıb.
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla TodayPress TV-yə danışarkən bildirib ki, son dövrlər müxtəlif virus infeksiyalarının ortaya çıxması artıq adi hal alıb:

"Biz mütəmadi olaraq müxtəlif sürprizlərlə üzləşirik. Ayrı-ayrı virusların törətdiyi xəstəliklər və bunların müxtəlif əlamətləri üzə çıxır. Hazırda "hantavirus"larla bağlı məlumatlar var, artıq xəstələnmələr qeyd olunur. Bu virus daha çox gəmiricilərdən keçir. Gəmiricinin dişləməsi nəticəsində və həmçinin onların ekskrementlərinin toz halında nəfəs yollarına düşməsi ilə yoluxma baş verə bilər".
Həkim vurğulayıb ki, "hantavirus" kifayət qədər təhlükəli infeksiyadır və ağır fəsadlara səbəb ola bilər:
""Hantavirus" təxminən 38 faizədək ölümə gətirib çıxara bilər. Bu virus respirator sindrom yaradır, yəni ağciyərləri və ürək əzələsini zədələyir. Xəstəliyin gizli dövrü bir həftədən səkkiz həftəyə qədər davam edə bilər. Əlamətlər əsasən qızdırma, quru öskürək, səpkilər, baş ağrısı, diareya və qarın ağrıları ilə özünü göstərir. Bu simptomlar digər virus infeksiyalarına da bənzədiyi üçün klinik mənzərə çox qarışıq olur".
Professor əlavə edib ki, bu cür xəstəliklərə münasibətdə məsuliyyətli davranmaq vacibdir:
"Xəstəlik baş verdiyi halda mütləq yataq rejiminə riayət etmək, bol maye qəbul etmək, immuniteti gücləndirmək və düzgün qidalanmaq lazımdır. Təəssüf ki, insanlar çox vaxt virus xəstəliklərini ayaqüstə keçirirlər. Amma "hantavirus" ürək-ağciyər ağırlaşmaları yaratdığı üçün xüsusi diqqət tələb edir".
Mütəxəssis həmçinin yoluxmanın qarşısının alınması üçün gigiyenik tədbirlərin əhəmiyyətini vurğulayıb:
"Bu xəstəliklər zamanı əsas məsələ kontaktdan uzaq olmaqdır. Nəzərə alsaq ki, virus daha çox gəmiricilərdən keçir, evdə siçan və ya siçovul izləri – xüsusilə ekskrementlər aşkar olunarsa, onlar mütləq təmizlənməlidir. Bu zaman maskadan istifadə etmək vacibdir ki, toz hissəcikləri nəfəs yollarına düşməsin", - deyə Adil Qeybulla qeyd edib.
Türkan İsgəndərli
tag: Adil Qeybulla,Professor,Virus,Ölüm,Todaypress.tv,
