Ağıl dişləri nə vaxt çıxarılmalıdır?
Sağlamlıq
04.05.2026 05:00
Ağıl dişləri (səkkizinci dişlər) kariesə, damaq iltihablarına və bəzi hallarda kök nahiyəsində kistaların yaranmasına yol aça bilər.
TodayPress TV xəbər verir ki, bu problemlər barədə stomatoloq, implantoloq və parodontoloq Viktoriya Safronova "gazeta.ru" saytına verdiyi müsahibədə bildirib.
V.Safronovanın sözlərinə görə, ağıl dişləri insanda ən sonda formalaşan dişlərdir. Onların mövcudluğu təkamül prosesi ilə bağlıdır, belə ki, qədim dövrlərdə qidalanma tərzi daha güclü çeynəmə aparatına və əzələlərə ehtiyac yaradırdı.
Mütəxəssis qeyd edir ki, əhalinin təxminən 30-40 faizində çənə sümüyündə kifayət qədər yer olmadığından bu dişlər anomaliyalı şəkildə inkişaf edir:
- Dişin tam çıxmaması damaq iltihablarına (perikoronarit), çətin çatan mövqeyi isə gizli kariesin yaranmasına səbəb olur.
- Qeyri-düzgün istiqamətdə uzanan diş qonşu dişlərə təzyiq göstərərək onların əyilməsinə və zədələnməsinə gətirib çıxarır.
- Bəzən ağıl dişlərinin kökündə kistalar formalaşır.
Həkim vurğulayıb ki, bu proseslər uzun müddət heç bir əlamət vermədən irəliləyə bilər. Bir çox insanlar diş ağrımadığı təqdirdə ona toxunmamağı üstün tutsa da, stomatologiya təcrübəsində profilaktik məqsədlə çıxarılma yanaşması da geniş yayılıb.
Ekspertin sözlərinə görə, üçüncü azı dişlərinin çəkilməsi üçün ən uyğun dövr 16-25 yaş aralığıdır. Çünki bu yaşlarda kök sistemi hələ tam bərkiməmiş olur, çənə sümüyü elastikliyini qoruyur və yaralar daha sürətlə sağalır. Bununla belə, son qərar hər bir pasiyent üçün fərdi yanaşma tələb edir.
V.Safronova sonda bildirib ki, problemin həlli yalnız peşəkar diaqnostikadan keçir: "Stomatoloq dişlərin vəziyyətini, iltihab və kistaların olub-olmamasını yoxlamaq üçün 3D skanlama və ya panoramik rentgen təyin edəcək. Yalnız bütün mümkün risklər dəyərləndirildikdən sonra pasiyent üçün uyğun müalicə planı seçiləcək".
tag: Sağlamlıq,İmmunitet,Həkim,Diş,Todaypress.tv,
