Rekord partlayışlardan sonra Günəş "depressiyaya düşdü"

Maraqlı

27.02.2026 18:30

Günəşdə müşahidə olunan güclü alışmalar dalğasından sonra ulduz yenidən aktivliyin azalması mərhələsinə qayıdıb. 

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu  bildirib.

Belə ki, ulduzun görünən tərəfində iki aktiv günəş ləkəsi qrupu müşahidə olunsa da, Günəş ümumilikdə sakitləşmə fazasına daxil olur. 

Laboratoriyanın açıqlamasına görə, iki aktiv qrupun eyni vaxtda meydana çıxması belə ümumi aktivliyi yüksək səviyyədə saxlaya bilməyib. Onlardan biri — üç həftə əvvəl güclü alışmaların sayına görə rekord qeydə alan 4366 nömrəli aktiv sahə — artıq enerjisini demək olar ki, tam itirib və parçalanma mərhələsindədir. Mütəxəssislər hesab edirlər ki, qalan ləkə 5–10 gün ərzində tamamilə yox ola bilər.

Eyni zamanda, Günəşdə 4379–4380 nömrəli yeni aktiv sahə də müşahidə olunur. Bu sahə Günəşin arxa tərəfindən göründükdən sonra təxminən 20 alışma yaradıb. Lakin alimlərin fikrincə, həmin aktivlik də cəmi bir neçə gün ərzində zəifləyib.

Hazırda geomaqnit aktivlik zəif şəkildə pozulmuş günəş küləyi ilə xarakterizə olunur. Geomaqnit Kp indeksi bir qədər yüksələrək bəzən “sarı” səviyyəyə çatır.

Laboratoriya qeyd edib ki, 2026-cı ilin fevral ayının sonu – mart ayının əvvəlləri günəş fizikası baxımından xüsusi əhəmiyyətli dövr kimi qiymətləndirilmir. Bununla belə, mütəxəssislər Günəş aktivliyinin minimal səviyyəyə yaxınlaşdığını, lakin tam sakitlik mərhələsinin hələ baş vermədiyini vurğulayıblar.

Cümə gününə olan proqnoza əsasən, alışma aktivliyi aşağı səviyyədə qalacaq, geomaqnit vəziyyət isə əsasən sakit olacaq.

Xatırladaq ki, fevralın sonunda Günəş son dörd ildə ilk dəfə olaraq tamamilə ləkəsiz vəziyyətə düşmüşdü. Alimlər bildirirlər ki, ulduz 2024-cü ildə müşahidə olunan pik mərhələdən sonra hazırda azalma fazasına daxil olub və yaxın dövrdə aktivliyin aşağı səviyyədə qalacağı gözlənilir.

Jalə Rövşən 

TodayPress TV

tag: Günəş ,Partlayış ,Depressiya ,Kosmos ,Todaypress.tv,