Antarktika sularında ilk dəfə nəhəng köpəkbalığı görüntüləndi

Maraqlı

18.02.2026 16:15

Cənubi Okeanın dərinliklərində aparılan tədqiqat zamanı alimlər Antarktika sularında böyük köpəkbalığı qeydə alıblar.

TodayPress TV xəbər verir ki, bu kəşf indiyədək bölgədə köpəkbalıqlarının yaşamadığına dair yayılmış fikirləri şübhə altına alıb.

Hadisə Cənubi Şetland adaları yaxınlığında baş verib. Təxminən 3-4 metr uzunluğunda olan köpəkbalığı 490 metr dərinlikdə lentə alınıb. Həmin ərazidə suyun temperaturu cəmi 1,27°C olub.

Görüntülər Qərbi Avstraliya Universiteti nəzdində fəaliyyət göstərən Mindoro-UWA Dərin Dəniz Tədqiqatları Mərkəzinin kamerası vasitəsilə əldə edilib.

Mütəxəssislərin sözlərinə görə, 60-cı paralelin cənubunda köpəkbalığı ilə bağlı indiyədək təsdiqlənmiş müşahidə olmayıb. Kadrlarda köpəkbalığının dəniz dibində yavaş hərəkət etdiyi görünür.

Alimlər hesab edirlər ki, bu növ köpəkbalıqları bölgədə daha əvvəl də yaşamış ola bilər, lakin ərazinin çətin əlçatan olması səbəbindən qeydə alınmayıb. Araşdırmalar əsasən Cənub yarımkürəsində yay aylarında aparıldığı üçün məlumatlar məhduddur.

Tədqiqatçılar iqlim dəyişikliyinin və okeanların istiləşməsinin yırtıcıların yayılmasına təsir göstərə biləcəyini istisna etmirlər. Bununla belə, Antarktika bölgəsində bu dəyişikliklərlə bağlı hələ kifayət qədər məlumat yoxdur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Antarktika,Köpəkbalığı,Dəniz,İqlim,Todaypress.tv,