Bakıdakı qalmaqaldan sonra böyük jest: Lando Norris haqsızlığını etiraf etdi!

Bakıdakı qalmaqaldan sonra böyük jest: Lando Norris haqsızlığını etiraf etdi!
01.10.2026 17:38 İdman

“McLaren”in pilotu Lando Norris Azərbaycan Qran-prisindəki insidentdən sonra “Alpine” sürücüsü Franko Kolapinto ilə aralarında keçən söhbətin təfərrüatlarını bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “GPblog” nəşri məlumat yayıb. 

“Hər şey yaxşı keçdi. Düşünürəm ki, uzun-uzadı danışmağımıza ehtiyac da yox idi. Dediyim səhv sözlərə görə ondan üzr istədim. O da öz növbəsində insidentə və təbii ki, qəzaya görə məndən üzr istədi, bu da çox yaxşıdır.

Frankonu çox bəyənirəm, çox mehriban uşaqdır. Trek gəzintilərində, sürücülərin brifinqlərində və digər oxşar situasiyalarda həmişə söhbətləşirik, ona görə də ona münasibətim çox yaxşıdır. Bəli, sadəcə qarşılıqlı üzr istədik, vəssalam. Cəzaya gəldikdə isə, burada bir şey demək çətindir, bu, mənim qərar verəcəyim məsələ deyil.

Frankoya demək istədiyim hər şeyi dedim, fikirlərimi və üzrxahlığımı məhz onunla bölüşməli idim. Bunu sosial şəbəkələrdə etmək məcburiyyətində deyiləm və hesab etmirəm ki, bu cür məsələlər üçün sosial şəbəkələrdən istifadə etməliyəm. Lakin bununla yanaşı, ətrafda böyük küy və müzakirələr var idi, ona görə də üzr istədiyimi və haqsızlığımı etiraf etdiyimi ictimaiyyətə bəyan etməyin doğru olacağını düşündüm.

Düşünürəm ki, mən ümumiyyətlə hər zaman, elə pilotluğumda olduğu kimi, səhv bir şey etdikdə bunu ilk etiraf edənlərdənəm. Səsləndirdiyim sözləri televiziyada dediyim üçün bunu hərkəslə bölüşməyi ədalətli hesab etdim, çünki hamı məni eşitmişdi. Həm də hesab etmirəm ki, dediklərim mənim əsl baxışlarımı tam əks etdirirdi”, - deyə Norris bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər