İngiltərədə yeniyetmələrlə bağlı araşdırma: Hər 4 nəfərdən birində psixi pozuntu əlamətləri var
İngiltərədə aparılan yeni araşdırma yeniyetmələrin psixi sağlamlığı, təhsili və rəqəmsal mühitlə münasibəti ilə bağlı diqqətçəkən nəticələr ortaya qoyub.
TodayPress TV xəbər verir ki, Anna Freud xeyriyyə təşkilatı və London Universitet Kollecinin (UCL) tədqiqatçıları tərəfindən həyata keçirilən “2020-ci illərdə böyümək” layihəsinin ilkin nəticələri açıqlanıb.
Araşdırma COVID-19 pandemiyasından sonra İngiltərədə yeniyetmələri uzunmüddətli izləyən ilk genişmiqyaslı tədqiqatlardan biridir.
Araşdırmanın ilk mərhələsində 8 minə yaxın 12-13 yaşlı yeniyetmə, onların valideynləri və müəllimləri iştirak edib. Məlumatlar 2025-ci ildə toplanıb.
Tədqiqata əsasən, yeniyetmələrin əksəriyyəti ailəsi və dostları ilə münasibətlərindən razıdır və ümumilikdə həyatlarından məmnundurlar. Lakin sosial və iqtisadi vəziyyətdən asılı olaraq ciddi fərqlər də müşahidə olunur.
Məlumata görə, yeniyetmələrin təxminən 25 faizində ehtimal olunan psixi pozuntu əlamətləri var. Maddi baxımdan daha əlverişsiz ailələrdə bu göstərici 36 faizə, xüsusi təhsil ehtiyacları olan uşaqlar arasında isə 54 faizə yüksəlir.
Araşdırmada məktəbə davamiyyətlə bağlı problemlər də qeyd olunur. Təxminən hər 5 yeniyetmədən biri mütəmadi olaraq dərsləri buraxır. Şagirdlərin üçdə birindən çoxu isə özünü məktəb icmasının bir hissəsi hesab etmir.
Tədqiqatçılar rəqəmsal mühitin də yeniyetmələrin həyatında mühüm yer tutduğunu bildirirlər. Onlayn ünsiyyət həmyaşıdlarla münasibətlərin əsas formalarından birinə çevrilib. Qızların sosial şəbəkələrdə oğlanlardan orta hesabla təxminən bir saat daha çox vaxt keçirdiyi müəyyən edilib.
Valideynlərin sözlərinə görə, pandemiya bəzi yeniyetmələrin təhsilinə və sosial münasibətlərinə mənfi təsir göstərib. Xüsusilə həssas qruplara daxil olan uşaqlarda bu problemlərin daha çox müşahidə edildiyi bildirilir.
Araşdırmanın növbəti mərhələlərində sosial və iqtisadi imkanları fərqli olan ailələrin uşaqları arasındakı fərqlərin gələcəkdə necə dəyişəcəyi öyrəniləcək. Tədqiqatın nəticələrinin məktəblərə və dövlət qurumlarına yeniyetmələrin hansı sahələrdə dəstəyə ehtiyac duyduğunu müəyyənləşdirməyə kömək edəcəyi gözlənilir.
Türkan İsgəndərli