Fransada məktəb etirazları şiddətləndi: Direktor benzinlə hücuma məruz qaldı

Fransada məktəb etirazları şiddətləndi: Direktor benzinlə hücuma məruz qaldı
01.10.2026 17:11 Dünya

Fransada məktəblərdə işçi çatışmazlığı və binaların yararsız vəziyyətdə olmasına etiraz edən şagirdlərin aksiyaları daha da gərginləşib.

TodayPress TV xəbər verir ki, rəsmi məlumata görə, cümə axşamı ən azı iki məktəbdə yanğın törədilib.

Marsel şəhərində isə məktəb direktorlarından biri üzərinə benzin tökülərək hücuma məruz qalıb və xəsarət alıb.

Şəhərdəki Sen-Ekzüperi liseyində səhər saatlarında yanğını söndürmək üçün əraziyə gələn yanğınsöndürənlərin maşını yüzlərlə gənc tərəfindən mühasirəyə alınıb. Polis bildirir ki, hücum edənlər yanğınsöndürənləri maşından uzaqlaşdırdıqdan sonra avtomobili yandırıblar.

Marseldə yerləşən Viktor Hüqo liseyinin direktoru da hücuma məruz qalıb. Prokurorluğun məlumatına görə, direktor xəsarət alıb.

Fransanın qərbindəki Nant şəhərində başqa bir məktəbdə də yanğın baş verib.

Məktəblərdə etiraz və blokadalar ötən həftə başlayıb. Aksiyalarda məktəblərdə işçi çatışmazlığı və binaların vəziyyəti ilə yanaşı, təhsil sahəsindəki problemlər də gündəmə gətirilir.

Etirazlar zamanı onlarla insanın xəsarət aldığı, yüzlərlə şəxsin, əsasən də yeniyetmələrin saxlanıldığı bildirilir.

Fransanın Baş naziri Sebastyan Lekornunun ofisində etirazlarla bağlı böhran iclası keçirilib. Aksiyalar hökumətin 2027-ci il büdcəsində elan etdiyi bir sıra xərclərin azaldılması tədbirlərinin fonunda baş verir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər