Xəzərdə yeni dövr – Pilotsuz dəniz vasitələri nə vəd edir?

Xəzərdə yeni dövr – Pilotsuz dəniz vasitələri  nə vəd edir?
08.09.2026 13:34 Hərbi

Azərbaycanın müdafiə sənayesində pilotsuz sistemlərin tətbiqi genişlənir.

Xəbər verdiyimiz kimi sentyabrın 6-da Prezident İlham Əliyevə Azərbaycan-Türkiyə birgə istehsalı olan SALVO və KAYRA pilotsuz dəniz vasitələri təqdim edilib və onların imkanları nümayiş olunub. Maraqlıdır, sözügedən yeniliklər Azərbaycana hərbi sahədə nə vəd edir?

Mövzu ilə bağlı  hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə açıqlamasında bildirib ki,  Prezident İlham Əliyevə təqdim olunan pilotsuz dəniz dronları kifayət qədər ciddi döyüş imkanlarına malikdir.


O qeyd edib ki, bu dronların Türkiyənin "Dearsan" zavodu ilə birgə Azərbaycan ərazisində istehsal olunması ölkəmizin dəniz dronları istehsalı sahəsində ciddi kadr potensialı əldə etməsinə şərait yaradır. 

Ekspert dronların əsas göstəricilərinə diqqət çəkib:

"Azərbaycanda istehsal olunan dəniz dronları kiçik ölçüləri və yüngül kütlələri sayəsində yüksək manevr qabiliyyətinə və böyük sürətə malikdir. Bu xüsusiyyətlər ekipaj üçün heç bir risk yaratmadan düşmənin dəniz vasitələrinə və döyüş gəmilərinə qarşı effektiv zərbələr endirməyə imkan verir.

İqtisadi baxımdan da kifayət qədər əlverişli olan bu dronların qiyməti ucuz, istehsalı, xidməti və saxlanılması digər döyüş gəmiləri ilə müqayisədə dəfələrlə sadə və sərfəlidir.

Dronların kiçik ölçüləri və aşağı hündürlüyü onların vizual müşahidəsini çətinləşdirir. Eyni zamanda, xüsusi örtüklə boyanması radarlarda görünmə əmsalını kifayət qədər azaldır". 

O vurğulayıb ki, bu vasitələr yalnız zərbə endirmək üçün deyil:

"Bunlar Dəniz akvatoriyasının kəşfiyyatı, patrul xidməti, minalardan təmizlənməsi və daşınma kimi müxtəlif vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı və universal texnikadır. Həmçinin bu dronlar vasitəsilə digər pilotsuz aparatların daşınması və daha uzaq məsafələrdən havaya buraxılması mümkündür". 

Ədalət Verdiyev əlavə edib ki, bütün bunlar pilotsuz dəniz dronlarının yerli istehsalının və Hərbi Dəniz Qüvvələrimizin silahlanmasına daxil edilməsinin Azərbaycanın Xəzər dənizindəki döyüş, müşahidə və kəşfiyyat imkanlarını dəfələrlə artıracağını göstərir.

Jalə Rövşən 
XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər