Goranboyda gecə dəhşəti niyə baş verib? – Partlama səsi ətraf rayonlara çatıb

Goranboyda gecə dəhşəti niyə baş verib? – Partlama səsi ətraf rayonlara çatıb
02.09.2026 16:23 Hərbi

Goranboy rayonunun Nizami kəndində yerləşən hərbi hissənin sursat anbarında baş verən yanğın və partlayış ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. 

Xoşbəxtlikdən xəsarət alan olmasa da, oxşar insidentin 2017-ci ilin avqustunda Xızının Giləzi qəsəbəsində də yaşandığını nəzərə alsaq, bu kimi hallar hərbi obyektlərin təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırır. 

Ümumiyyətlə, sursat anbarlarında təhlükəsizlik rejimi necə tənzimlənir? Bu kimi hallar hansı hallarda baş verə bilir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan hərbi ekspert Ədalət Verdiyev  bildirib ki, partlayışın səbəbləri arasında yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi, anbarın daxilində və ya yaxın ətrafında açıq alovdan istifadə edilməsi, siqaret çəkilməsi ola bilər:

“Goranboy rayonunda sursat anbarında baş verən partlayışın səbəbləri və nəticələri ilə bağlı məlumatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq. Adətən sursat anbarlarında onların saxlanılması, daşınması və yerləşdirilməsi ilə bağlı çox sərt normativlər mövcuddur və bu normativlərə riayət edilməsi mütləqdir.

Digər vacib məsələ anbarda sursatların saxlanılması və yerləşdirilməsi qaydalarına riayət olunmasıdır. Yəni anbarlarda partlayıcıların detonatorlarla bir yerdə saxlanılması tamamilə qadağandır. Onların hər biri bir-birindən ayrı və təyinatlarına uyğun bölmələrdə saxlanılmalıdır. Detonatorlar heç bir halda partlayıcılarla eyni yerdə saxlanılmamalıdır.

Sonra yerləşdirmə məsələsində müəyyən məsafə tələbləri var: yeşiklər yerdən və divardan hansı məsafədə olmalıdır. Silah və sursatın birbaşa döşəməyə yığılması qadağandır. Onlar adətən paletlər üzərində yerləşdirilir”.

Ə.Verdiyev anbarların qorunması məsələsinin də xüsusi diqqətdə saxlanılmalı olduğunu bildirib:

“Anbara giriş icazəsi olmayan şəxslərin buraxılması qadağandır və 24 saat ərzində anbar həm daxildən, həm də xaricdən müşahidə altında olmalıdır. Sursat anbarında temperatur 26 dərəcə olmalıdır, başqa sözlə, anbarın daxilindəki temperatur 26 dərəcədən yuxarı olmamalıdır. İstənilən halda bütün bu məlumatlar istintaq orqanı tərəfindən ciddi şəkildə araşdırılacaq və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər