Marketlərdə kiflənmiş və qurdlu qidalar: "Problemi həll edəcək sistem var, amma tətbiq olunmur" - FOTO

Marketlərdə kiflənmiş və qurdlu qidalar: "Problemi həll edəcək sistem var, amma tətbiq olunmur" - FOTO
02.09.2026 15:31 Sosial

Son dövrlər vətəndaşlar tərəfindən marketlərdə satılan qida məhsullarında kif, qurd və digər kənar cisimlərin aşkar edilməsi ilə bağlı şikayətlər çoxalıb. Məhsulun üzərindəki son istifadə tarixinə baxmayaraq, alıcıların xarab olmuş ərzaqla qarşılaşması bütövlükdə qida təhlükəsizliyi, daşınma və saxlanma şəraiti ilə bağlı ciddi suallar yaradır.

Bəs yararlılıq müddəti bitmədən kiflənən məhsulların səbəbi nədir? Bu cür halların qarşısını almaq üçün hansı nəzarət mexanizmləri mövcuddur və problem niyə tam həllini tapmır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov problemin kökündə saxlanma və daşınma şəraitinin kobud şəkildə pozulmasının dayandığını deyib:

Onun sözlərinə görə, ərzaq məhsullarının saxlanmasında və daşınmasında problemlər mövcuddur:

"Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlər arasında elə hallar var ki, ərzaq məhsulunun yararlılıq müddətinin hələ yarısından çoxu keçməyib, lakin məhsul kiflənib. Bu o deməkdir ki, ərzaq məhsulu soyuq zəncir prinsipi ilə mağazaya çatdırılmayıb və hansısa mərhələdə, məsələn, anbarlarda istilik təsirinə məruz qalıb".

AİB sədri bildirib ki, bəzən marketlər məqsədli şəkildə qənaət edərək qidaların korlanmasına şərait yaradırlar. O, dəfələrlə bu məsələni rəsmi səviyyədə qaldırdığını qeyd edib:

"Belə hallar, çox təəssüf ki, mövcuddur. Mən iki il ərzində Qida Təhlükəsizliyi Agentliyinin İctimai Şurasında təmsil olundum və dəfələrlə məsələ qaldırdım ki, ərzaq mağazalarında soyuducuların iş rejimi monitorinq edilsin. Enerjiyə qənaət etmək məqsədilə soyuducuların temperaturunu lazımi səviyyədə saxlamırlar. Nəticədə ərzaq məhsulları da tədricən xarab olmağa və çirklənməyə məruz qalır".

Ekspert vurğulayıb ki, vaxtı keçmiş malların rəflərdən yığışdırılması üçün xüsusi rəqəmsal nəzarət sistemi mövcud olsa da, ondan istifadə edilmir:

"Yararlılıq müddəti keçmiş ərzaq məhsullarının satışı birmənalı şəkildə qadağandır. Bu məhsulların marketlərdə mövcud olması çox ciddi istehlakçı problemidir. Çox təəssüf ki, marketlər və Qida Təhlükəsizliyi Agentliyi bu cür məhsulların marketlərdə görünməməsini istəyirlərsə, bununla bağlı həll edilməli olan bir məsələ var və o hələ də həll olunmayıb. Məsələ ondan ibarətdir ki, xüsusi bir proqram var. Bu proqram marketlərin kompüterlərinə quraşdırılır və AQTA-nın serverinə inteqrasiya olunur. Beləliklə, agentliyin əməkdaşları hansı marketdə hansı məhsulun yararlılıq müddətinin başa çatmasına neçə gün qaldığını müəyyən edə bilərlər. Bu proqramı quraşdıran ölkədə müvafiq qurum da var. Lakin çox təəssüf ki, marketlərin heç biri bu proqramı indiyədək quraşdırmayıb".

Sonda E.Hüseynov bütün marketləri bu sistemi tətbiq etməyə, vətəndaşları isə xarab qidalarla rastlaşdıqda passiv qalmamağa çağırıb:

"Mən təklif edirəm ki, bu sistem Azərbaycanda da tətbiq olunsun. Belə olan halda vaxtı keçmiş məhsulun istehlakçının süfrəsinə getməsinin qarşısını almaq mümkün olar. Market sahibləri də əlavə cərimələrdən xilas olarlar. Yararlılıq müddəti keçmiş məhsulla rastlaşan istehlakçıları çağırıram ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə məlumat versinlər".

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Marketlərdə kiflənmiş və qurdlu qidalar: "Problemi həll edəcək sistem var, amma tətbiq olunmur" - FOTO — 1
Marketlərdə kiflənmiş və qurdlu qidalar: "Problemi həll edəcək sistem var, amma tətbiq olunmur" - FOTO — 2
Marketlərdə kiflənmiş və qurdlu qidalar: "Problemi həll edəcək sistem var, amma tətbiq olunmur" - FOTO — 3
XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər