Azərbaycanda insan sayı azalır: Gələcəkdə miqrantlar yerli əhalini əvəzləyəcək

Azərbaycanda insan sayı azalır: Gələcəkdə miqrantlar yerli əhalini əvəzləyəcək
02.09.2026 13:56 Sosial

Son günlər cəmiyyətdə 2, 3 və daha çox uşağı olan ailələrə sosial müavinətlərin verilməsi, eləcə də onların güzəştli ipoteka şərtlərindən yararlanması kimi təkliflər geniş müzakirə olunur. Bununla yanaşı çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının beşdən üçə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim olunub.

Ölkədə doğum göstəricilərinin dəyişməsi və ailələrə dövlət dəstəyinin artırılması zərurəti bu addımların atılmasını yenidən günün vacib mövzusuna çevirib.

Bəs bu təkliflər mövcud demoqrafik mənzərə fonunda nə dərəcədə əhəmiyyətlidir və ailələrə hansı əlavə sosial dəstək mexanizmləri tətbiq olunmalıdır?

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, müzakirələrin yaranmasının kökündə ölkədə müşahidə olunan ciddi demoqrafik ləngimə dayanır.


Ekspert ilk növbədə mövcud təhlükəni və bunun yarada biləcəyi sosial-iqtisadi fəsadları diqqətə çatdırıb:

"Belə təkliflər cəmiyyətdə ciddi müzakirə olunur. Bunun bir çox səbəbləri var. İlk növbədə, bunun səbəbi Azərbaycanda heç vaxt olmadığı qədər təbii və demoqrafik artımda ləngimənin müşahidə olunması, yeni doğulan uşaqların sayında ciddi azalmanın qeydə alınmasıdır. Bu isə orta perspektivdə bir sıra sosial fəsadlara səbəb ola bilər. Belə ki, təbii və demoqrafik artımın ləngiməsi Azərbaycanda əmək bazarında müəyyən problemlər yarada, miqrant axınını artıra bilər. Bu da bizi Avropa ölkələrini təhdid edən miqrasiya processesləri ilə üz-üzə qoya bilər. Eyni zamanda, genofondun təhlükəsizliyi və səfərbərlik imkanları baxımından da müəyyən çətinliklər meydana çıxa bilər".

Sosioloq əhalinin qocalmasının dövlət büdcəsinə gətirəcəyi maliyyə yükünə də toxunub. Onun sözlərinə görə, təbii artımda ləngimə gedirsə və yeni doğulan uşaqların sayı azalırsa, bu, əhalinin yaş strukturunda ahılların payının artması deməkdir. Bu isə dövlət üçün əlavə maliyyə yükü yaradır. Çünki işləyən əhalinin sayı azalacaq, təqaüdçülərin sayı isə artacaq.

Ü.Şəfiyev demoqrafik böhranın qarşısını almaq üçün konkret təklif və mexanizmləri də irəli sürüb:

"Təbii artımın və demoqrafik ləngimənin qarşısını almaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. İlk növbədə, uşaq pulu adlanan sosial müavinətlərin bərpası, ailəli və uşaqlı ailələr üçün güzəştli ipoteka şərtlərinin tətbiq edilməsi, onların mənzillə təmin olunmasına və məşğulluq məsələlərinə xüsusi diqqət yetirilməsi vacibdir. Eyni zamanda, yeni doğulan uşaqların adına hesab açılması və həmin hesaba müəyyən vəsaitin yatırılması təklif oluna bilər. Bu vəsait investisiya alətlərinə yönəldilərək gələcəkdə uşağın istifadəsinə verilə bilər. Bundan əlavə, bir, iki, üç və daha çox uşaqlı ailələrə diferensial sosial müavinətlər tətbiq olunmalıdır".

O, xüsusilə çoxuşaqlı ailə statusunun yenidən baxılması zərurətini xüsusi vurğulayıb:

"Azərbaycanda hazırda çoxuşaqlı ailə anlayışı beş və daha çox uşağı olan ailələrə şamil edilir. Yaxşı olardı ki, çoxuşaqlı ailə statusu üçün tələb olunan uşaq sayı beşdən üçə endirilsin. Bu da, şübhəsiz ki, ailə planlamasında üç uşaqlı ailə modelinə üstünlük vermə tendensiyasını artıra bilər. Hazırda çoxuşaqlı ailələrə şamil olunan imtiyazlar üçuşaqlı ailələrə də tətbiq olunarsa, bu, insanların ailə planlamasına birbaşa müsbət təsir göstərəcək", - deyə ekspert fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər