136 yaşında ata oldu, öləndə nəvəsinin 100 yaşı vardı... – Şirəli babanın anım günüdür
Dağlar kimi əzəmətli, təbiət kimi saf ömrün sahibinin — dünya rekordçusu Şirəli Müslümovun anım günüdür.
1805-ci il martın 26-da Lerik rayonunun Barzavu kəndində göz açan Şirəli baba, ömrünün böyük hissəsini elə bu dağlarda çobanlıq edərək yaşadı. Üç dəfə ailə quran və 23 övlad sahibi olan Müslümovun sonuncu həyat yoldaşı Xatun xanım olub. İnanılmaz da olsa, Şirəli baba 136 yaşında ikən bu nikahdan bir qız övladı dünyaya gəlib. Ömrünün son gününə qədər kəskin yaddaşını qorusa da, heç vaxt oxuyub-yazmağı öyrənməmişdi. 1973-cü ildə 168 yaşında dünyasını dəyişəndə isə artıq nəvəsinin 100 yaşı var idi.

Onun uzunömürlülüyü dünya mediasının da diqqətindən yayınmadı. 1966-cı ildə "Azərbaycanfilmi" tərəfindən haqqında "Şirəli dağdan endi" sənədli filmi çəkildi və adı Ginnesin Rekordlar Kitabına düşdü. Əlbəttə, doğum haqqında şəhadətnaməsi olmadığı, yaşı yalnız pasportla təsdiqləndiyi üçün bu rəqəmə şübhə ilə yanaşanlar da az olmadı. Məsələn, fransız tarixçisi Moşep Ud Tovem onun 100 ilə yaxın yaşadığını iddia edir, bəziləri isə bunu sovet təbliğatı sayırdı. Lakin Lerikin elə özü uzunömürlülər diyarı olduğundan, onun 168 il yaşadığına inananlar hər zaman çoxluq təşkil etdi.
Şirəli babanın uzun ömrünün sirri isə sadə həyat tərzində, təmiz havada və daima hərəkətdə olmasında idi. O, yalnız bulaq suyu içər, dağ bitkilərindən dəmlənən çaylara üstünlük verər, pendir, bal, meyvə-tərəvəz və çoban yeməkləri ilə qidalanardı. Bircə dəfə Bakıya 10 günlük səfəri zamanı ona təyin edilən diyetik yeməklərdən bezip "Mənə ət verin, ət!" deyə nümayişkaranə şəkildə etiraz etməsi xatirələrdə şirin bir iz qoyub.

Ömrü boyu siqaret və içkidən uzaq duran, heç vaxt doğma Lerikdən başqa yerdə yaşamayan və paytaxta köçmək təkliflərini rədd edən Şirəli baba deyərdi ki, tənbəllik ölümü tezləşdirir. Hər gün sürüsü ilə 15-20 km yol qət edər, xəstə vaxtında bile fiziki işdən qalmazdı. İlk dəfə ölümündən cəmi bir il əvvəl yatağa düşən Şirəli Müslümov, 1973-cü ildə əbədiyyətə qovuşdu. Bu gün biz onu təbiətin insana bəxş edə biləcəyi ən böyük möcüzələrdən biri kimi ehtiramla yad edirik.