Ulduzun ölümündən sonra sirli planet peyda oldu
Alimlər ulduzun ölümündən sonra yaranmış ola biləcək planet aşkarlayıblar.
TodayPress TV xəbər verir ki, “Popular Science” nəşrinin məlumatına görə, alimlər ilk dəfə ulduzun məhv olması zamanı kosmosa atılan maddələrdən formalaşdığı ehtimal edilən planetin izlərini aşkar ediblər.
Tədqiqatçılar HS 0209+0832 adlı ağ cırtdanın atmosferini araşdırarkən qeyri-adi kimyəvi tərkib müəyyən ediblər. Burada mis, sink və niobium kimi ağır elementlərin miqdarı yüksək olub. Xüsusilə niobiumun miqdarı Günəşdə müşahidə ediləndən 1000 dəfədən çox çox olub.
Alimlərin fikrincə, bu kimyəvi izlər planetin adi planetlərdən fərqli olaraq, ulduzun ölümündən sonra yaranmış ola biləcəyini göstərir.
NASA-nın TESS peykinin topladığı məlumatlar da HS 0209+0832 sistemi ətrafında hər 4,4 gündən bir təkrarlanan zəif parlaqlıq siqnalını qeydə alıb. Bu, Yupiter ölçüsündə qaz nəhənginin ölü ulduzun ətrafında sıx orbitdə hərəkət etməsi ilə uyğun gəlir.
Tədqiqatçılar belə planetlərin “ikinci nəsil planetlər” adlandırıldığını və onların son dərəcə nadir olduğunu bildirirlər. Onların yaranması üçün ulduz sistemində əlavə bir ulduzun olması və kosmosa atılan maddəni yenidən orbitə qaytarması ehtimal edilir.
Kübra Musayeva