İraq Hörmüz boğazını belə əvəz edir
İraq Hörmüz boğazından yan keçən alternativ marşrutdan istifadə etmək üçün Suriya ərazisindən neft ixracına başlamağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
İraq neftinin yük avtomobilləri ilə Suriyanın Aralıq dənizi sahilindəki Baniyas limanına çatdırılması, oradan isə tankerlərlə göndərilməsi nəzərdə tutulur.
Dövlət "Syrian Petroleum Co." şirkətinin rəhbəri Yusif Qiblavi "Bloomberg"ə bildirib ki, İraq hökuməti artıq mövcud olan mazut tədarükünə əlavə olaraq neft ixracını təşkil etmək xahişi ilə Suriyaya müraciət edib. Onun sözlərinə görə, iki ölkə arasında saziş praktiki olaraq hazırdır və İraq neftinin yük avtomobilləri ilə daşınması yaxın vaxtlarda başlaya bilər.
"Ümid edirəm ki, oktyabrın ortalarında neftlə yüklənmiş ilk avtomobil karvanı Suriyaya çatacaq", - deyə Qiblavi deyib.
Hazırda İraq mazutun bir hissəsini Baniyasa çatdırmaq üçün artıq yük avtomobillərindən istifadə edir. Daha sonra yanacaq növbəti ixrac üçün tankerlərə yüklənir. Qiblavinin məlumatına görə, hər gün daşımalara minə yaxın yük maşını cəlb olunur ki, onların da hər biri təxminən 220 barel yanacaq daşımaq qabiliyyətinə malikdir.
Aysel Mətləb