Azərbaycan müəllimi niyə nüfuzunu itirdi?

Azərbaycan müəllimi niyə nüfuzunu itirdi?
07.10.2026 20:05 Təhlil

Azərbaycan cəmiyyətində müəllim adı hər zaman xüsusi çəkiyə, toxunulmaz nüfuza sahib olub. Lakin son illər istər sosial şəbəkələrdə yayılan görüntülər, istərsə də məktəb-valideyn müstəvisində yaşanan qarşıdurmalar göstərir ki, bu münasibət ciddi şəkildə zədələnib. 

Keçmişdə müəllimin sözü ailələrdə belə mübahisə olunmazdı. “Əti sizin, sümüyü mənim” yanaşması var idi. Bəs bu gün? Bəs biz harada səhv etdik?

Cəmiyyətdəki narahatlıq doğuran tendensiyanı sabiq deputat Etibar Əliyev TodayPress TV-yə şərh edib.

O, hazırda müəllim nüfuzunun xeyli aşağı düşdüyünü təsdiqləyib. Sabiq deputat bunun çoxsaylı obyektiv və subyektiv səbəbləri olduğunu düşünür:

“Misirli kimyaşünas var idi, 1999-cu ildə kimya üzrə Nobel mükafatı alıb. Çox böyük alim olub — Əhməd Zevayl. Onun “Gələcəyə addımlar” kitabı var. Bu kitabda sanki bizim vəziyyətimizdən bəhs edir. O yazır: “Nə qədər ki, müəllimlə şagird, müəllimlə valideyn arasında maddi münasibətlər yox idi, təhsilin keyfiyyəti çox yüksək idi. Elə ki maddiyyat ön plana çıxdı, pul mərkəzdə dayandı, şübhəsiz ki, təhsilin keyfiyyəti də xeyli aşağı düşdü və münasibətlər get-gedə korlanmağa başladı”.

Azərbaycanda hazırda ikili təhsil sistemi var. Bir tərəfdə orta məktəblərdə təhsil və tədris həyata keçirilir, digər tərəfdə isə repetitor yanında hazırlıq var. Birinin pulunu dövlət ödəyir. Orada müəllim bir o qədər fəallıq göstərmir. İkincinin pulunu isə valideyn özü ödəyir. Bir çox hallarda valideynlərin vaxtı olmur və ya hansısa səbəbdən vəsaiti özləri apara bilmirlər, övladlarına verirlər, övladlarə aparıb pulu müəllimə çatdırırlar. Əgər şagird müəllimə pul verirsə, bu, münasibətlərin xarakterinə mənfi təsir göstərməyə bilməz”.

E. Əliyev digər bir məsələyə də toxunub:

“Digər tərəfdən, bir vaxtlar təyinat sistemi var idi. Müəllimlik ixtisasını bitirənlərə təyinat verirdilər. Gəlirdin, hansısa kəndə düşürdün, heç kimi tanımırdın. Müəllimə çox yüksək, ali şəxsiyyət kimi baxırdılar, övladlarını etibar edirdilər. Müəllimlər elə həmin kənddə qalıb yaşayır, ailə qurur, sosiallaşırdılar. Bununla da müəllim cəmiyyətdə böyük nüfuz sahibi olurdu.

İndi isə, müəllimlər ya kurslardadır, ya da məktəblərdə uşaqlara başdansovdu dərslər keçirlər, maddiyyat gözləyirlər. Müəllim nüfuzunun aşağı düşməsi heç də əməkhaqqı ilə bağlı deyil. Düzdür, əməkhaqları bir o qədər yüksək deyil. Amma elə dövrlər olub ki, müəllimə heç əməkhaqqı da verməyiblər. Müharibə dövrü olub, müharibədən sonrakı aclıq dövrləri olub. Amma müəllim hər zaman öz qürurunu qoruyub. Çünki onun missiyası var. O, insan yetişdirir, insan tərbiyə edir. Ən mürəkkəb peşə də insan tərbiyə etməkdir.

Bu baxımdan, müəllimlə valideynin maraqları üst-üstə düşməyəndə, ilk növbədə müəllimin nüfuzu aşağı düşür. Müəllimdə müəyyən dərəcədə "ələbaxanlıq" yaranır. Bu da müəllimi nüfuzdan salır”.

Sabiq deputat məktəb direktorlarından da bəhs edib:

“Digər tərəfdən, məktəblərin əksəriyyətində heç bir səriştəsi olmayan şəxslər məktəb direktoru təyin olunurlar. Demək olar ki, hər gün onların səs yazıları yayılır, sosial şəbəkələrdə paylaşılır. Müəllimlər, müəllim təşkilatları valideynlərə müraciət edirlər: “Bu qədər filan karta köçürdün, bu qədər filan karta köçürdün”. Bu cür hallar çox qısa zaman kəsiyində ictimailəşir və müəllimin nüfuzuna ciddi mənfi zərbə vurur”.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər