Fransada uşaq bağçası işçiləri tətilə çıxdı: 2033-cü ilə qədər...
Fransada uşaq bağçası işçiləri daha yaxşı iş şəraiti və əməkhaqqının artırılması tələbi ilə ümumxalq tətilinə qoşulublar.
TodayPress TV xəbər verir ki, bu barədə "BFMTV" məlumat yayıb.
Sent-Etyen şəhərindəki aksiyada təxminən 10 uşaq bağçasının fəaliyyətinə təsir gözlənilir. Bəzi bağçaların bağlanacağı, digərlərinin isə azaldılmış tutumla işləyəcəyi bildirilir.
Tətili 50-yə yaxın təşkilatı birləşdirən “Pas de Bébés à la Consigne” kollektivi başladıb. Həmkarlar ittifaqları iş şəraitinin yaxşılaşdırılmasını, əməkhaqqı sisteminin yenidən nəzərdən keçirilməsini və yeni təlim mərkəzlərinin yaradılmasını tələb edirlər.
Onların əsas tələblərindən biri bir baxıcıya düşən uşaqların sayının azaldılmasıdır. Hazırda bir baxıcıya 8 körpə və ya 5 azyaşlı uşaq düşür. Həmkarlar ittifaqları 2030-cu ilədək bu göstəricinin 4 körpəyə endirilməsini istəyirlər.
Həmkarlar ittifaqları sektorda kadr çatışmazlığı və yüksək işçi dövriyyəsinin olduğunu bildirirlər. Onların hesablamalarına görə, 2033-cü ilə qədər Fransada 100 min uşaq bağçası yeri çatışmazlığı yarana bilər.
Fransa hökuməti məktəbəqədər təhsil sisteminə dəstək məqsədilə üç il üçün 90 milyon avroluq təcili yardım planı açıqlayıb. Lakin həmkarlar ittifaqları ayrılan vəsaitin kifayət etmədiyini düşünürlər.
Türkan İsgəndərli