ABŞ süni intellektlə bağlı xüsusi işçi qrupu yaratdı

ABŞ süni intellektlə bağlı xüsusi işçi qrupu yaratdı
07.10.2026 16:30 Dünya

ABŞ hökuməti süni intellektin tənzimlənməsi ilə bağlı yeni yanaşmalar hazırlamaq üçün xüsusi işçi qrupu yaradıb.

TodayPress TV xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bunu Yunanıstanın xarici işlər naziri ilə Afinada keçirilən birgə mətbuat konfransında açıqlayıb.

Rubionun sözlərinə görə, işçi qrupuna ABŞ Milli Kəşfiyyat Direktoru Cey Kleyton rəhbərlik edir. Qrup süni intellekt və gələcəkdə mümkün superkəşfiyyat texnologiyalarının yarada biləcəyi riskləri, eləcə də bu texnologiyalardan əldə edilə biləcək faydaları araşdıracaq.

Dövlət katibi bildirib ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə texnologiya sahəsinin nümayəndələri ilə görüş keçirib. Görüşün nəticəsində ABŞ hakimiyyətinin süni intellektlə bağlı yanaşmasının əsas istiqamətlərini müəyyən edən birgə bəyannamə qəbul edilib.

ABŞ-də süni intellektə nəzarət məsələsi texnologiyanın dövlət qurumlarında daha geniş istifadəsi fonunda aktuallaşıb.

Bundan əvvəl “Politico” ABŞ Konqresinin hüquqşünaslarının süni intellekt tərəfindən hazırlanmış səhv qanun layihələri ilə bağlı problemlərlə üzləşdiyini yazıb. Bildirilib ki, bəzi sistemlər qanunvericilik normalarına yanlış istinad edib və sənədlərin hazırlanması zamanı ciddi səhvlərə yol verib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər