Azərbaycan ordusu hərəkətə keçir ? - Zəngəzur dəhlizindən xəbər var
Azərbaycan Naxçıvana gedən kommunikasiyaların açılması üçün geniş spektrli siyasi və güc tədbirlərindən istifadə edə bilər.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O bildirib ki, Naxçıvanın blokadası hələ də həllini tapmayan əsas problemlərdən biridir.
Onun sözlərinə görə, kommunikasiyaların blokadaya alınması beynəlxalq hüquqda hərbi fəaliyyət forması kimi qiymətləndirilir. Politoloq Yaxın Şərq münaqişəsində boğazların blokadasını da buna nümunə göstərib.
“Məlum 9-cu bəndin icra olunmaması və artıq TRİPP layihəsi çərçivəsində götürülmüş öhdəliklərdən yayınma Ermənistanın ölkəmizin bir hissəsinin blokadasını məqsədyönlü şəkildə davam etdirməyə çalışdığını göstərir”, – deyə politoloq bildirib.
Onun fikrincə, mümkün ssenarilərin hazırlanmasında bir neçə əsas amil nəzərə alınmalıdır:
“Ermənistanın 9 noyabr 2020-ci il tarixli razılaşmalar və 2025-ci il Vaşinqton razılaşmaları çərçivəsində öhdəliklərindən yayınması;
1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq Azərbaycan SSR-in Zəngəzur (Meğri) dəmir yolu sahəsinə mülkiyyət hüququ probleminin tənzimlənməməsi;
Rusiya sərhəd qoşunlarının (FSB) və Rusiya Dəmir Yollarının (RJD) de-fakto və de-yure tam nəzarəti;
Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə danışıqlarda, o cümlədən bu sahə üzrə nəticələrin hələ də əldə olunmaması”.
Analitik hesab edir ki, Azərbaycan bu reallıqdan çıxış edərək, ABŞ və Rusiya da daxil olmaqla beynəlxalq tərəfdaşlarla aparılan bütün danışıqlarda tamhüquqlu iştirakını tələb etməlidir.
“Azərbaycan Meğri dəmir yolu xəttinin tam bərpa edilərək istismara verilməsini təmin etməyi təklif edə bilər. Dəmir yolunun statusu, mənsubiyyəti və istismar qaydaları gələcəkdə Azərbaycan ilə Ermənistan arasında aparılacaq danışıqlar zamanı müəyyənləşdirilə bilər.
Bərpa işlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanın güc strukturları bu fəaliyyəti digər maraqlı tərəflərlə birlikdə həyata keçirə bilərlər”, – deyə sabiq nazir fikrini yekunlaşdırıb.
Jalə Rövşən