Ermənistan Azərbaycanın bu kəndini boşaldır - İrəvanda panika
Ermənistanda Azərbaycanın tarixi kəndi Kərkinin Azərbaycana qaytarılması ehtimalı yenidən müzakirə mövzusuna çevrilib.
TodayPress TV xəbər verir ki, “Qolos Armeniya” nəşrində yayımlanan məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma Tiqraneşen adlandırılan Kərkinin Azərbaycana qaytarılması istiqamətində hazırlıq gördüyü iddia olunur.
Məqalədə qeyd edilir ki, hakimiyyət belə bir addım atacağı təqdirdə prosesi mümkün qədər sakit və diqqət çəkmədən həyata keçirməyə çalışacaq. Ərazi məsələsinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası çərçivəsində təqdim edilməsi və bunun ayrıca siyasi qərar deyil, sərhədlərin müəyyənləşdirilməsi prosesinin bir hissəsi kimi göstərilməsi gözlənilir.
Burada əsas narahatlıq isə ərazinin özündən çox, bunun Ermənistan daxilində yaradacağı siyasi reaksiyadır. İddiaya görə, Paşinyan hökuməti mümkün köçürülmə ilə bağlı kənd sakinlərini əvvəlcədən razı salmağa və onlara kompensasiya təklif etməyə hazırlaşa bilər.
Bu iddialar Paşinyanın son günlərdə Kərki və Azərbaycanın keçmiş anklavları ilə bağlı səsləndirdiyi fikirlərlə də əlaqələndirilir. Ermənistanın baş naziri Kərkini və Azərbaycanın keçmiş anklavlarını ölkəsinin beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinin tərkibində olmayan yaşayış məntəqələri kimi təqdim edib.
Məsələnin İrəvanda həssas qarşılanmasının səbəbi də bununla bağlıdır. Kərki adi sərhəd kəndi deyil. Azərbaycanın Naxçıvan istiqamətində yerləşən bu ərazi coğrafi və strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Paşinyan isə məsələyə əsasən hüquqi çərçivədən yanaşır və sərhədlərin delimitasiyası zamanı beynəlxalq səviyyədə tanınmış ərazi prinsipini önə çəkir.
Yazıda kənd sakinlərinin gələcək taleyi ilə bağlı iddialar da diqqət çəkir. Müəllifin fikrincə, hökumət ərazidə yaşayanlara maddi kompensasiya və mənzil imkanları təklif etməklə mümkün köçürülməyə nail olmağa çalışa bilər. Hətta Kərkidə qanunsuz məskunlaşmış sakinlərin bir hissəsinin daha yaxşı yaşayış şəraiti və maliyyə təminatı qarşılığında ərazidən çıxmağa razı salınmasının mümkün olduğu bildirilir.
Erməni mediasında kənd sakinlərinin öz evlərinin gələcəyi ilə bağlı narahatlıq keçirdiyini göstərən materialların yayılması da məsələnin cəmiyyət üçün həssas olduğunu ortaya qoyur.
Kərki məsələsinin Paşinyan üçün siyasi tərəfi də az əhəmiyyətli deyil. Baş nazir uzun müddətdir Ermənistanın gələcək təhlükəsizliyini Azərbaycanla münasibətlərin normallaşdırılması, sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinin imzalanması ilə əlaqələndirir. Bu yanaşmada müəyyən ərazi məsələləri üzrə kompromislər də qaçılmaz görünür.
Məhz buna görə Kərkinin taleyi Paşinyanın “sülh gündəliyi”nin Ermənistan daxilində ən çox mübahisə doğura biləcək mövzularından birinə çevrilə bilər.
Erməni ekspertlərə görə, əgər Kərki məsələsi Bakı ilə razılaşma əsasında həll olunarsa, Paşinyan bunu sülh prosesinin tələb etdiyi kompromis kimi əsaslandırmağa çalışacaq. Lakin proses qarşıdurma ilə müşayiət olunarsa, bu, onun indiyədək müdafiə etdiyi siyasətə ciddi zərbə vura bilər.
Məsələ bununla da bitmir. Kərkinin Azərbaycana qaytarılması Ermənistan daxilində növbəti ərazi güzəşti kimi təqdim edilə və müxalifətin Paşinyana qarşı təzyiqini artıra bilər. Əks istiqamətdə, yəni prosesin dayandırılması isə Azərbaycanla əldə olunan razılaşmaların icrası və sərhədin delimitasiyası üzrə danışıqlarda əlavə problemlər yarada bilər.
Bununla belə, hazırda Kərkinin qaytarılması ilə bağlı konkret razılaşmanın əldə olunduğunu demək olmaz. Paşinyan da məsələ ilə bağlı praktiki razılaşmanın olmadığını açıqlayıb.
Ancaq görünür, Kərki məsələsi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası gündəliyində qalmaqda davam edir.
Jalə Rövşən