Qərbin nefti bitdi: Avropanın gözü Azərbaycana dikilib
Qlobal neft bazarında vəziyyət getdikcə daha da gərginləşir.
TodayPress TV xəbər verir ki, son məlumatlara görə, Qərb ölkələrinin sübut olunmuş (proven) neft ehtiyatları dünya ümumi ehtiyatlarının çox kiçik bir hissəsini təşkil edir və strateji ehtiyatlar da sürətlə azalmaqdadır.
2025-ci ilin sonuna olan rəsmi məlumatlara əsasən, dünya üzrə sübut olunmuş neft ehtiyatları təxminən 1,76-1,78 trilyon barel təşkil edir. Bu ehtiyatların böyük əksəriyyəti Yaxın Şərq və Latın Amerikasında cəmləşib:
Venesuela – 303 milyard barel
Səudiyyə Ərəbistanı – 267 milyard barel
İran – 208,6 milyard barel
Kanada – 163–170 milyard barel
İraq – 145 milyard barel
BƏƏ – 113 milyard barel
Küveyt – 101,5 milyard barel
Rusiya – 80 milyard barel
ABŞ-nin ehtiyatları müxtəlif mənbələrdə 40-83 milyard barel arasında göstərilir. Avropa ölkələrinin isə vəziyyəti daha ağırdır. Norveçin ehtiyatları təxminən 7 milyard barel, Böyük Britaniyanın isə 1,5 milyard barel civarındadır. Qərbi Avropanın digər ölkələrinin (Almaniya, Fransa, İtaliya, İspaniya və s.) sübut olunmuş ehtiyatları isə demək olar ki, cüzi səviyyədədir.
Strateji neft ehtiyatları (SPR) baxımından da vəziyyət ürəkaçan deyil. 2026-cı ilin sentyabr ayına olan məlumatlara görə, ABŞ-ın Strateji Neft Ehtiyatı 283-285 milyon barelə qədər düşüb – bu, 1982-ci ildən bəri ən aşağı səviyyədir. Almaniya, Fransa və digər Avropa ölkələrinin ehtiyatları da 90 günlük minimum normanın sərhəddində və ya aşağısındadır.
2026-cı ilin əvvəlindən davam edən İran münaqişəsi neft bazarını ciddi şəkildə sarsıdıb. Hörmüz boğazından keçən neft axını əhəmiyyətli dərəcədə azalmış, Yaxın Şərqdən gündəlik 10 milyon barelə yaxın neft və neft məhsullarının ixracı pozulmuşdur.
Münaqişə başlayandan bəri qlobal ehtiyatlardan 500-650 milyon barel neft istifadə edilib. G7 ölkələri və Beynəlxalq Enerji Agentliyi (IEA) birgə 100 milyon barel strateji ehtiyat buraxmağa qərar verib. Buna baxmayaraq, bazar hələ də tarazlığa gələ bilməyib və Brent neftinin qiyməti 100 dollar ətrafında qalmaqdadır.
Bu şəraitdə Azərbaycanın rolu xüsusilə diqqət çəkir. 2025-ci ildə Azərbaycan 23 milyondan çox ton neft ixrac edib və bunun böyük hissəsi Avropa ölkələrinə göndərilib.
İtaliya ən böyük alıcı olub – təxminən 13 milyon ton. Çexiya, Rumıniya, Almaniya, Portuqaliya, Yunanıstan və digər Avropa dövlətləri də Azərbaycan neftinin əsas istehlakçıları sırasındadır. 2026-cı ilin ilk səkkiz ayında da İtaliya, Çexiya və Rumıniya yenə də ön sıralarda qalıb.
Azərbaycanın nefti Qərb ölkələri üçün həm diversifikasiya, həm də təhlükəsizlik baxımından mühüm alternativ mənbədir. Xüsusilə Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Bakıdan gələn tədarük Avropa bazarında sabitliyin qorunmasına töhfə verir.
Türkan İsgəndərli