Pakistanda etirazlar başladı - Xalq İmran Xanın müdafiəsinə qalxdı

Pakistanda etirazlar başladı - Xalq İmran Xanın müdafiəsinə qalxdı
07.10.2026 11:30 Dünya

Pakistanın həbsdə olan keçmiş Baş naziri İmran Xanın tərəfdarları hökumətlə nümayişin dayandırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra ölkənin şimal-qərbindən etiraz yürüşünə başlayıblar.

TodayPress TV xəbər verir ki, bazar günü keçirilən yürüşə 5 mindən çox şəxsin qatıldığı bildirilir.

İmran Xanın rəhbərlik etdiyi Pakistan Təhrik-e-İnsaf (PTI) partiyasının təşkil etdiyi yürüş əvvəlcə sentyabrın 27-nə planlaşdırılmışdı. Lakin hökumət və PTI rəhbərliyi arasında danışıqların aparılması üçün aksiya oktyabrın 4-nə təxirə salınmışdı.

Həftəsonu keçirilən iki danışıqlar raundunda tərəflər arasında razılıq əldə olunmayıb. Bundan sonra PTI yürüşü keçirmək qərarına gəlib.

Bu, İmran Xanın azadlığa buraxılması üçün hökumətə təzyiq göstərmək məqsədilə keçirilən sonuncu aksiyalardan biridir. Sorğulara əsasən, ölkənin ən populyar siyasi xadimi hesab olunan İmran Xan 2023-cü ilin avqustundan həbsdədir. O, bir sıra cinayət işləri üzrə məhkum edilib. Partiyası isə ittihamların siyasi motivli olduğunu bildirir.

Keçmiş baş nazirə qarşı çıxarılan hökmlərdən biri istisna olmaqla, digərlərinin hamısının apellyasiya məhkəmələri tərəfindən dayandırıldığı və ya ləğv edildiyi bildirilir.

PTI-nin rəsmi sosial media hesablarında yayılan videolarda partiyanın idarə etdiyi Xayber-Paxtunxva əyalətinin müxtəlif bölgələrindən tərəfdarların yürüşə qoşulduğu və karvanlarla hərəkət etdiyi əks olunub.

Xayber-Paxtunxvanın baş naziri Sohail Afridi daha əvvəl sosial media hesabında İmran Xana dəstək yürüşünün keçiriləcəyini açıqlayıb.

Onun sözlərinə görə, yürüş cümə axşamınadək İslamabadın 80 kilometr qərbində yerləşən Xayrabada çatacaq. Bundan sonra aksiyanın “növbəti mərhələsi” ilə bağlı plan açıqlanacaq.

Pakistan hökuməti PTI tərəfdarlarının İslamabada yürüşünə həftələrdir hazırlaşır.

Paytaxta əsas giriş yollarının bağlanması üçün yük konteynerlərindən istifadə edilməklə barrikadalar qurulub.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər