Prezidentdən Ermənistana çağırış: “Bütün məlumatları təqdim etməlidir”
Azərbaycan
Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində
IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciət ünvanlayıb.
TodayPress TV xəbər
verir ki, müraciəti Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev
səsləndirib.
Müraqciətdə
deyilir:
- Hörmətli
konfrans iştirakçıları!
Sizi Bakı
Dialoqu formatında keçirilən itkin düşmüş şəxslər probleminin həllində etimadın
gücləndirilməsinə və effektiv mexanizmlərin inkişaf etdirilməsinə həsr olunmuş
IV beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.
İtkin düşmüş şəxslər
problemi silahlı münaqişələrin ən ağır nəticələrindən biridir. Biz bu məsələyə
dünyanın müxtəlif bölgələrində insanların həyatına təsir edən ümumbəşəri
humanitar problem kimi yanaşırıq.
Münaqişənin bitməsinə
baxmayaraq, itkin düşmüş şəxslərin taleyinin araşdırılması Azərbaycan dövləti
üçün ən vacib məsələlərdən biri olaraq qalmaqdadır. Ölkəmizin təşəbbüsü ilə
yaradılmış Bakı Dialoqu itkin düşmüş şəxslər məsələsində dövlətlərin, beynəlxalq
təşkilatların və mütəxəssislərin səylərini birləşdirərək təcrübə mübadiləsi
aparmaq və əməli əməkdaşlığı genişləndirmək, bu problemə beynəlxalq diqqəti artırmaq
üçün əhəmiyyətli platforma olaraq çıxış edir.
Azərbaycanın öz
suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, eyni zamanda həyata
keçirdiyi ardıcıl siyasət Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıq üçün
tarixi imkan yaratmışdır. 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş
Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan ilə Ermənistan arasında Birgə
Bəyannamənin imzalanması, habelə iki ölkə arasında sülh sazişinin paraflanması
bu istiqamətdə atılmış mühüm addım idi.
Dayanıqlı sülhün
bərqərar edilməsi siyasi razılaşmalarla yanaşı, etimadın möhkəmləndirilməsini və
münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasını tələb edir. İtkin
düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir
və ailələr qarşısında mənəvi məsuliyyətimizdir.
Ermənistanın Azərbaycana
qarşı otuz ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar
və ahıllar da daxil olmaqla, 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə
alınmışdır. Təəssüflə qeyd edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu illər
ərzində fəaliyyəti nəticə verməmişdir.
Vətən müharibəsində
qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi itkin
düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açmışdır. Bu gün Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyətini
daha da genişləndirərək itkin düşmüş vətəndaşların yerinin müəyyənləşdirilməsi,
kütləvi məzarlıqların aşkar edilməsi məqsədilə intensiv tədbirlər həyata
keçirir.
İşğaldan azad edilmiş
ərazilərimizdə indiyədək 32 kütləvi məzarlıq aşkar olunmuşdur. İnsan qalıqları
üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə
məruz qaldığını göstərir. Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi,
işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq
hüququn kobud şəkildə pozulmasıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir.
Taleyi naməlum şəxslərin
aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını
səfərbər etməyə davam edəcək. İtkin düşmüş heç bir vətəndaşımız unudulmur və
onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Bu
faciə ilə üzləşmiş hər bir ailəyə hərtərəfli dəstək və qayğı göstərmək, onların
acılarını bölüşmək mənəvi öhdəliyimizdir.
İtkin düşmüş şəxslərin
axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə
asılıdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn
yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin
açılmasına və
şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və
humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı
etimadın möhkəmləndirilməsinə töhfə olardı. İnsan talelərinə aid məlumatlar
siyasi şərtləndirmə predmeti olmamalıdır.
Hörmətli
konfrans iştirakçıları!
Azərbaycan
2002-ci ildən etibarən BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə
təşəbbüsləri ilə çıxış edir. Hesab edirik ki, bu sahədə beynəlxalq səylərin
daha da gücləndirilməsi vacibdir. BMT və digər aidiyyəti beynəlxalq təşkilatlar
öz mandatları çərçivəsində axtarışlar, məlumat mübadiləsi, məhkəmə-tibbi
ekspertiza imkanlarının inkişafı və ailələrə dəstəyin artırılması işində daha fəal
olmalıdırlar.
Bu xüsusda,
effektiv mexanizmlər siyasi iradəyə, etibarlı məlumatlara və davamlı əməkdaşlığa
əsaslanmalıdır. Müasir texnologiyaların tətbiqi, arxiv məlumatlarının əlçatanlığı,
mütəxəssislərin hazırlanması və ailələrin müntəzəm məlumatlandırılması bu işin əsas
istiqamətləridir. Bütün fəaliyyət insan ləyaqətinə və beynəlxalq humanitar
hüquqa hörmət əsasında, ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməlidir. Azərbaycan
bu məsələdə birgə təşəbbüslərə töhfə verməyə hazırdır. Bu baxımdan, problemə
qlobal miqyasda daha böyük diqqətin ayrılması üçün BMT çərçivəsində itkin
düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılmasını zəruri hesab edirik.
Əminəm ki,
Konfrans çərçivəsində aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər itkin
düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə və beynəlxalq humanitar əməkdaşlığın
gücləndirilməsinə xidmət edəcəkdir.
Konfransın işinə uğurlar, hər birinizə səmərəli müzakirələr arzulayıram.
TodayPress TV