Bombalanan gəmilərdə ölən azərbaycanlılar — Qara dəniz niyə məzarlığa çevrilir?
Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu “Royad Məmmədov” yük gəmisi Ukraynadan İtaliyaya taxıl daşıyarkən hərbi əməliyyatlar zonasında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Hadisə oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında baş verib.
Türkiyə bayrağı altında üzən, azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus Palmali şirkətlər qrupuna aid “Royad Məmmədov” yük gəmisinin Rusiya-Ukrayna müharibəsi və hərbi əməliyyatların aktiv olduğu riskli dəniz zonasında hərəkət etdiyi üçün PUA hücumunun hədəfi olduğu bildirilir.
Dron zərbəsi nəticəsində gizli yanğın baş verib, gəminin kapitan körpüsü və mətbəx hissəsi dağılıb. Hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı Rüstəm Həsənov həlak olub, digər bir azərbaycanlı dənizçi isə itkin düşüb. Bir neçə ekipaj üzvü yaralanaraq xəstəxanaya yerləşdirilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını hərbi əməliyyat zonalarında riskli marşrutlar üzrə hərəkət etməkdən çəkinməyə çağırıb.
Son dövrlərdə Azərbaycan vətəndaşlarının çalışdığı yük gəmilərinin Qara dənizdə hücumlara məruz qalması ilə bağlı bir neçə hadisənin baş verməsi bölgədəki təhlükəsizlik vəziyyətini yenidən gündəmə gətirib.
Bəs bu hadisələrin ardıcıl xarakter almasını necə qiymətləndirmək olar? Azərbaycan vətəndaşlarının olduğu gəmilərin hədəfə çevrilməsi yaranmış risklərin təsadüfi nəticəsidir, yoxsa burada daha konkret amillərdən söhbət gedir?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə analitik Bakir Həsənbəyli Qara dənizdə göyərtəsində Azərbaycan dənizçilərinin də olduğu mülki yük gəmilərinə edilən hücumların birbaşa Rusiya-Ukrayna müharibəsinin və Qara dəniz hövzəsindəki hərbi gərginliyin nəticəsi olduğunu bildirib. O düşünür ki, bu hücumlar konkret olaraq Azərbaycanı hədəf almır:
“Dənizçilərimiz mülki xarici gəmilərdə ekipaj üzvü və ya kapitan kimi fəaliyyət göstərdikləri üçün bu təhlükə ilə üzləşirlər. Lakin bu tip hücumların səbəbləri var və onların pərdəarxası məqamları mövcuddur. Müharibə tərəfləri, xüsusilə də Rusiya, Ukrayna limanlarından çıxan və ya həmin istiqamətə gedən ticarət gəmilərini hərbi hədəf kimi görürlər. Rusiya Ukraynanın iqtisadiyyatına və kənd təsərrüfatı ixracatına zərbə vurmaq üçün bu gəmiləri pilotsuz uçuş aparatları və raketlərlə hədəf alır. Azərbaycanlıların olduğu gəmilərin əksəriyyəti beynəlxalq logistika və yükdaşıma ilə məşğuldur. Məsələn, son dövrlərdə hücuma məruz qalan və azərbaycanlı dənizçilərin həlak olduğu “TEDY” və “Royad Məmmədov” kimi gəmilər Ukrayna limanlarından Avropaya taxıl və digər məhsullar daşıyırdı. Qara dənizin həm Ukrayna sahilləri, həm də Rumıniya və Bolqarıstan yaxınlığındakı neytral suları hazırda aktiv hərbi əməliyyat zonasına çevrilib. Müharibə tərəfləri kəşfiyyat səhvləri və ya mülki gəmiçiliyi tamamilə iflic etmək məqsədilə neytral sularda hərəkət edən gəmilərə də fərq qoymadan dron zərbələri endirirlər.
Baş verən bu faciəvi hadisələrdən sonra Azərbaycan XİN rəsmi bəyanat yayaraq ölkə vətəndaşlarını və dənizçiləri hərbi əməliyyatların getdiyi, təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu Qara dəniz marşrutlarında fəaliyyət göstərən gəmilərdə işləməkdən və bu bölgələrə səfər etməkdən çəkinməyə çağırıb. Buradan belə nəticəyə gəlmək olar ki, Qara dənizdə heyətində Azərbaycan vətəndaşları olan mülki gəmilərə edilən dron hücumları təsadüfi deyil, Rusiya-Ukrayna müharibəsindəki aktiv hərbi əməliyyatların və hərbi strategiyanın birbaşa nəticəsidir. Lakin bu hücumlar spesifik olaraq Azərbaycan dövlətinə və ya azərbaycanlı dənizçilərə qarşı yönəlməyib”.
Analitikin sözlərinə görə, məqsəd Ukraynanın iqtisadi imkanlarını məhdudlaşdırmaq və mülki gəmiçilik üçün risk yaradaraq qlobal tədarük zəncirinə təzyiq göstərməkdir:
“Rusiya Müdafiə Nazirliyi bu cür zərbələri əsaslandırarkən tez-tez Ukrayna limanlarına yönələn xarici mülki gəmilərin gizli şəkildə hərbi təyinatlı yüklər və silah daşıdığını iddia edir. Bu səbəbdən neytral sularda hərəkət edən gəmilər “potensial hərbi hədəf” olaraq qəbul edilir və PUA-larla qəsdən vurulur. Vurulan gəmilər Azərbaycan dövlətinə məxsus deyil, əksərən Somali, Marşal Adaları, Sent-Kitts və Nevis və ya Türkiyə bayrağı altında üzən xarici ticarət gəmiləridir. Azərbaycanlı dənizçilər və kapitanlar bu gəmilərdə beynəlxalq müqavilələr əsasında fərdi qaydada fəaliyyət göstərirlər. Dronları idarə edən qüvvələr gəmini vurarkən onun göyərtəsində hansı ölkənin vətəndaşlarının olduğunu əvvəlcədən seçmir, birbaşa gəminin özünü marşrutuna görə hədəf alırlar”.
Qiymət Mahir