Paşinyan Kilsəyə qarşı daha bir addım atdı

Paşinyan Kilsəyə qarşı daha bir addım atdı
06.10.2026 17:58 Dünya

Ermənistan parlamenti Erməni Apostol Kilsəsindəki böhranı araşdırmaq üçün yaradılan istintaq komissiyasının tərkibini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, Ermənistan KİV-in məlumatına görə, komissiya 11 deputatdan ibarət olacaq.

Onlardan 7-si hakim “Vətəndaş Müqaviləsi”, 3-ü “Güclü Ermənistan”, 1-i isə “Ermənistan” fraksiyasından olacaq.

Müxalifət fraksiyalarının komissiyanın yaradılması ilə bağlı müzakirələrdə iştirak etmədiyi bildirilir. “Ermənistan” fraksiyası isə komissiyanın sonrakı fəaliyyətinə də qatılmayacağını açıqlayıb.

Qeyd edək ki, oktyabrın 2-də Ermənistan parlamentinin spikeri Ruben Rubinyan Erməni Apostol Kilsəsi ətrafında yaranmış böhranı araşdırmaq məqsədilə komissiyanın yaradılması barədə qərar imzalayıb.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılması üçün mümkün vasitələrdən istifadə edəcəyini açıqlamışdı. Ermənistan hökuməti sentyabrın 24-də II Qareginin vəzifədən uzaqlaşdırılması və Erməni Apostol Kilsəsində islahatların aparılmasını əsaslandıran “Erməni Kilsəsinin böhranı haqqında” hesabat da yayıb.

Paşinyanla erməni ruhaniləri arasında münasibətlər 2020-ci ildən, Erməni Apostol Kilsəsinin baş nazirin istefasını tələb etməsindən sonra daha da kəskinləşib.

Xatırladaq ki, Erməni Apostol Kilsəsinin qaydalarına əsasən, katolikos ömürlük seçilir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər