İran 3 terror qrupunu çökdürdü - 10 nəfər ələ keçdi
İranın Kəşfiyyat Nazirliyi ölkənin cənub-şərqində üç terrorçu qrupunun zərərsizləşdirildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, Sistan və Bəlucistan əyalətinin İranşəhr, Sərbaz, Saravan və Zahedan şəhərlərində, həmçinin Hörmüzqan əyalətinin Qeşm adasında keçirilən əməliyyatlar nəticəsində 10 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda daha iki nəfər öldürülüb.
İran Kəşfiyyat Nazirliyi qrupların hər hansı terror və ya təxribat aktı törətmədən əvvəl aşkar edilərək zərərsizləşdirildiyini bildirib.
Nazirliyin məlumatına görə, saxlanılan şəxslər xaricdən dəstək alan qrupların tərkibində fəaliyyət göstəriblər. Onların İrana daxil olmamışdan əvvəl xaricdə hərbi hazırlıq keçdikləri, partlayıcı qurğular hazırlamaq və sui-qəsd təşkil etmək üzrə təlim aldıqları iddia olunur.
İran tərəfi bildirib ki, şübhəlilər təhlükəsiz evlərdə gizlənərək təxribat törətməyi və ölkədə vəziyyəti gərginləşdirməyi planlaşdırıblar. Əməliyyatlarda kəşfiyyat orqanları ilə yanaşı polis və SEPAH da iştirak edib.
Nazirlik yerli sakinlərdən daxil olan məlumatların şübhəlilərin müəyyənləşdirilməsində mühüm rol oynadığını qeyd edib. Əməliyyat zamanı çoxlu sayda silah və sursatın müsadirə edildiyi açıqlanıb.
Bundan başqa, İran hakimiyyəti silahlı cinayətkar qruplara qarşı ayrıca əməliyyat keçirildiyini bildirib. Əməliyyat nəticəsində ictimai asayiş və təhlükəsizlik üçün təhdid yaratdığı bildirilən iki mütəşəkkil dəstənin zərərsizləşdirildiyi, beş silahlı şübhəlinin isə saxlanıldığı açıqlanıb.
Jalə Rövşən