Tiflis nəyə güvənib Bakı ilə münasibətləri riskə atır?
Gürcüstanda Azərbaycana qarşı mənfi ritorikanın artdığını görürük. Burda bəzi siyasi dairələr və millətçi çevrələr Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı məsələləri gündəmə gətirir, xüsusilə də sərhəd və tarixi abidələr mövzusunda Bakıya qarşı sərt ifadələr səsləndirirlər. Eyni zamanda, Gürcüstanın Azərbaycandan enerji və tranzit sahəsində ciddi asılılığı bu vəziyyəti daha da diqqətçəkən edir.
Əgər Gürcüstan Azərbaycan qazını "istəmirsə", bəs nə edəcək? Tiflis üçün bu hansı nəticələri verəcək? Açıq desək, şimal-qərb qonşumuz nəyə arxayındır?

Sözügedən məsələni siyasi analitik Şakir Ağayev TodayPress TV-yə şərh edərkən deyib ki, Gürcüstan hökuməti Azərbaycanla münasibətlərin normal olmasında maraqlıdır:
"Ritorikanın kəskinləşməsinə baxmayaraq, Gürcüstan hökuməti, bir neçə gün əvvəl isə Baş nazir Kobaxidze də qeyd etdi ki, Azərbaycanla bütün sahələrdə dostluq və strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirirlər. Bildiyiniz kimi, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatı da mövcuddur. Amma TRIPP layihəsinin gündəmə gəlməsindən sonra müəyyən fikir ayrılıqları yaranıb. Siz də, biz də bilirik ki, Azərbaycanın əsas logistika layihələri – istər qaz və neft, istər dəmir yolu, istərsə də quru yolu – Gürcüstan üzərindən Avropaya çıxır. Lakin TRIPP layihəsi aktuallaşandan sonra Gürcüstan anlayır ki, artıq Azərbaycanın Avropaya çıxışında yeganə alternativ deyil".
O qeyd edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalayarsa, Azərbaycanın şərtlərini qəbul edərsə və Konstitusiyasında müvafiq dəyişikliklər edərsə, Azərbaycanın qeyd etdiyi kimi, Zəngəzur dəhlizi açılacaq. Bu halda Avropaya Ermənistan üzərindən də alternativ yol yaranacaq. Bu da Gürcüstandan keçən yüklərin və məhsulların həcminin azalmasına səbəb ola bilər.
Analitik diqqətə çatdırıb ki, Azərbaycan bütün dəhlizlər üçün alternativ marşrutlar barədə düşünür:
"Son dövrün hadisələri göstərdi ki, yalnız bir marşrutun olması müəyyən risklər yaradır. Yəni hər hansı bir istiqamətdən asılılıq tam təhlükəsizlik və sabitlik demək deyil. Ermənistan-Türkiyə istiqamətinin də işə düşməsi ilə Avropaya yeni yol açılır.
Gürcüstan da təbii olaraq bunu qəbul etmək və həzm etmək istəmir. Yaranan soyuqluq da məhz bundan irəli gəlir".
Analitik düşünür ki, Gürcüstan Azərbaycan qazından imtina edə bilməz:
"Azərbaycan Gürcüstana dünya bazarındakı qiymətlərdən qat-qat ucuz qaz satır. Bu, heç kimə sirr deyil. Gürcüstanın ən ağır dövrlərində – söhbət Saakaşvilinin hakimiyyəti dövründən gedir – Rusiyanın Gürcüstana qaz tədarükünü dayandırdığı vaxt Azərbaycan bu ölkəni böhrandan xilas edib. Bu gün də Tiflisin istifadə etdiyi qazın əsas hissəsini Azərbaycan təmin edir. Mən düşünmürəm ki, Gürcüstan Azərbaycan qazından tam imtina etsin. Çünki belə bir addımdan Gürcüstan özü daha çox itirə bilər. Digər tərəfdən, Azərbaycanın neft-qaz kəmərləri Gürcüstan ərazisindən keçir. Gürcüstan bu kəmərlərdən yüksək məbləğdə tranzit haqqı əldə edir və bu gəlirlər ölkə iqtisadiyyatında mühüm rol oynayır.
Bundan başqa, Gürcüstanda Azərbaycan iş adamları və turizm şirkətləri də kifayət qədər çoxdur. Ona görə də mən hesab etmirəm ki, Gürcüstan Azərbaycanla münasibətlərdə tam imtina siyasətinə getsin".
Şakir Ağayev həmçinin müəyyən fikir ayrılığının mövcudluğunu nəzərə çatdırıb:
"Gürcüstan istəyirdi ki, Azərbaycanın Avropaya çıxışında əsas tranzit marşrut olaraq qalsın. Azərbaycan isə həmişə öz marşrutlarını diversifikasiya etməyə çalışır ki, mümkün riskləri nəzərə alsın və hər hansı istiqamətdən asılılığı azaltmış olsun".
Jalə Rövşən