Ermənistan öldürülən azərbaycanlıların xəritələrini niyə vermir ?

Ermənistan öldürülən azərbaycanlıların xəritələrini niyə vermir ?
07.10.2026 16:48 Təhlil

Prezident İlham Əliyev  “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın iştirakçılarına müraciətində Ermənistanın müvafiq arxivləri açmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmasına çağırdı. Ölkə başçısı, həmçinin Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli olduğunu vurğuladı. 

Biz bilirik ki, bu çağırışın arxasında  4 010 nəfərlik statistikayla yanaşı,   30 ildən artıqdır övladının, həyat yoldaşının, atasının və ya qardaşının aqibətini bilməyən ailələr dayanır. 

Bu məsələdə əsas problem  Ermənistanın əlində olan məlumatların tam şəkildə təqdim edilməməsidir. Hazırda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi hələ də məlum deyil. İşğaldan azad edilmiş ərazilərdə isə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb. Burada tapılan insan qalıqları ilə bağlı ekspertizalar onların zorakılıq nəticəsində öldürüldüyünü göstərir.

Ermənistanın təqdim etdiyi mina xəritələri də bütün əraziləri əhatə etmir və onların dəqiqliyi ilə bağlı ciddi problemlər var. Halbuki həm kütləvi məzarlıqların, həm də itkinlərin axtarışının aparılması üçün bu məlumatlar birbaşa əhəmiyyət daşıyır. 


Azərbaycan  dəfələrlə bildirib ki, Ermənistan itkin şəxslərin dəfn yerləri, kütləvi məzarlıqlar və minalanmış sahələrlə bağlı bildiyi məlumatları təqdim etməlidir. 2026-cı ilin iyununda Beynəlxalq İtkinlər Komissiyası ilə aparılan müzakirələrdə də təxminən 4 min azərbaycanlının itkin olduğu və kütləvi məzarlıqların yerləri barədə məlumatların əldə edilməsinin vacibliyi vurğulanıb.

Beynəlxalq İtkinlər Komissiyasının məlumatına görə, Azərbaycanda itkinlərlə bağlı ailələrdən və şahidlərdən alınan məlumatlar əsasında 200-dən çox mümkün dəfn və son görülmə yeri müəyyənləşdirilib. Bu yerlərin bir hissəsində axtarış aparılması isə minalardan təmizləmə prosesindən asılıdır. 


Mövzunu TodayPress TV-yə  şərh edən deputat Ceyhun Məmmədov da Ermənistanın bu məsələdə məsuliyyət daşıdığını bildirib:

“Əslində bu prosesə baxanda, cənab Prezidentin də qeyd etdiyi kimi, bunun Ermənistan tərəfindən törədilmiş cinayət olduğunu görürük. Bu, eyni zamanda, beynəlxalq hüquqa tamamilə zidd əməldir və Ermənistanın beynəlxalq hüququ pozduğunu göstərir. Ona görə də Ermənistan bu kimi məsələlərdən yayınır və bu barədə məlumat verməməyə çalışır”.


Parlamentarinin sözlərinə görə, Ermənistan arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Onun fikrincə, əks halda itkinlərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar tam nəticə verə bilməz.

Ortada konkret arxivlər, şahidlər, dəfn yerləri, mina xəritələri və DNA məlumatları var. Ermənistan bu məlumatların hamısını təqdim etmədiyi üçün, 30 ildən artıq müddətdə itkin düşmüş insanların taleyini tam müəyyənləşdirmək mümkünsüz olaraq qalır.  

Prezidentin çağırışı da məhz buna yönəlib: Ermənistan əlində olan məlumatları təqdim etməli, arxivləri açmalı və şahidlərin danışmasına imkan verməlidir. Çünki itkin insanların taleyi siyasi müzakirə mövzusu yox, araşdırılması və hüquqi qiymət verilməsi lazım olan mənəvi məsələdir. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər